Rusiyada məhsulların izlənilməsi sistemlərinin populyarlaşdırılması çərçivəsində bazar kassalarında saxlama müddəti ötmüş məhsulların avtomatik satışının qarşısını alan sistem tətbiq olunacaq.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, yeni tətbiq aprelin 1-dən etibarən mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq bu sistem süd məhsulları da daxil olmaqla 12 məhsul kateqoriyasında keçərli olacaq. Gələcəkdə bu tətbiq bütün məhsul qruplarına yayılacaq.
Eyni zamanda, keçən il Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən rəqəmsal məhsul izləmə məlumatlarının ticarət nöqtələri arasında paylaşılmasını tənzimləmək üçün istifadəyə verilmiş bu tətbiq sayəsində səlahiyyətlilər mallar və məhsulların partiyalarının həcmi ilə bağlı məlumatları yoxlaya biləcəklər.
Qanun pozuntuları və səhlənkarlıq aşkarlandıqda, bu cür məhsulların satışı qadağan ediləcək və sözügedən şirkətlərə lazımi xəbərdarlıq və cəza tədbirləri tətbiq olunacaq.