Vaxtı keçmiş peyvəndlər – hansı yan təsirləri var?

11:13 15.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə insanlara vaxtı keçmiş peyvəndlərin vurulması ilə bağlı informasiyalar. Mövzu isə əsasən, saxlanma şəraiti bir qədər qəliz olan və bizdə ən çox tətbiq edilən vaksinlərdən sayılan Pfizerlə bağlıdır.

Bəs görəsən, ölkəmizdə tətbiq edilən peyvəndlərin ilk gətirildiyi tarixdən bəri saxlanma şəraiti nəzərə alınmaqla xarab olma ehtimalı varmı? Vaxtı keçmiş peyvənd insana tətbiq olunarsa, orqanizmdə hansı ziyanları törədə bilər?

Hafta.az-ın əməkdaşı  məsələ ilə bağlı suallarını mütəxəssisə ünvanladı. Həkim infeksionist Mərdan Əliyev bildirdi ki, sosial şəbəkələrdə belə məlumatlar yayılsa da, xəbərlər həqiqətə uyğun deyil. Çünki peyvəndlər ölkəyə gətirilən zaman, hər dəfə hissə-hissə və yeni kodlarla qəbul olunur:

“Biz deyə bilmərik ki, vaksinlənmə başladığı gündən indiyə qədər tətbiq olunan peyvəndlərin hər biri elə ilk zamanlardan gətirilənlərdir. Belə deyil. Peyvənd müəyyən sayda alınır, bitdikdən sonra yeniləri gətirilir. Bu məsələ səhv etmirəmsə Pfizer peyvəndi ilə bağlı idi. Vaxtı da sentyabr ayında bitmişdi. Təbii ki, həmin vaksin insanlara tətbiq edilmədi”.

Saxlanma şəraitinə gəldikdə isə, mütəxəssis hesab edir ki, bu problem daha çox Pfizer vaksinində özünü biruzə verə bilər. Çünki bu məhsul xüsusi saxlanma şəraiti tələb edir:

“Məlumat üçün deyim ki, Pfizer mənfi 30-40  dərəcələrdə saxlanmalıdır. Hər klinikada da belə şərait olmadığı üçün, həmin peyvənd yalnız xüsusi xəstəxanalarda tətbiq olunur. Onu da deyim ki,  Pfizeri bir neçə gün adi temperaturda da saxlamaq olar”.

O ki qaldı vaxtı keçmiş vaksin məsələsinə, həkimin sözlərinə görə, bu orqanizmdə iki halla hiss edilə bilər. Biri əks göstəriş, digəri isə ümumiyyətlə effektivlik verməmək:

“İstənilən məhsul -qida, dərman yaxud da başqa bu kimi şeylər uzun müddət qaldıqda istifadə müddəti bitir və əlavə yan təsirləri yaranır. Digər halda isə effektivliyi itmiş olar. Buna görə vaxtı keçən peyvəndi vurmaq olmaz. Hələ ki, belə yan təsirlər təcrübədə yaşanmayıb”.

Qeyd edək ki, daha əvvəl Fransanın Loire bölgəsində 100-ü uşaq olmaqla, 260 nəfərə son istifadə tarixi keçmiş “Pfizer” vaksini vurulub. Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi vaksin vurulan yüzlərlə şəxsin səhhəti üçün hər hansı bir risk olmadığını açıqlayıb. Vaxtı keçmiş peyvənd skandalı dünya miqyasında bununla da bitmir. Bu ilin iyun ayında Nyu-Yorkda 1000-ə yaxın sakinə də vaxtı keçmiş “Pfizer” və “BioNTech” peyvəndi vurulub.