Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Xidmətləri üzrə Ali Komitəsinin sədri vəliəhd şahzadə Məhəmməd bin Salman dünən ölkədə logistika mərkəzlərinin baş planını işə salıb.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, plan Səudiyyə Ərəbistanında logistika sektorunun infrastrukturunu yaxşılaşdırmaq, yerli iqtisadiyyatı şaxələndirmək və ölkənin aparıcı investisiya məkanı və dünyanın üç ən mühüm qitəsini - Asiya, Avropa və Afrikanı birləşdirən qlobal logistika mərkəzi kimi mövqeyini gücləndirmək məqsədi daşıyır.
Vəliəhdin verdiyi açıqlamaya görə, baş planın istifadəyə verilməsi Milli Nəqliyyat və Logistika Xidmətləri Strategiyasının özəl sektorla tərəfdaşlıq əlaqələrini gücləndirmək, həmçinin iqtisadi artımı dəstəkləmək, yerli, regional və beynəlxalq ticarət şəbəkələrinin və qlobal təchizat zəncirlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə xidmət edir.
Logistika mərkəzlərinin baş planına ümumi sahəsi 100 milyon kvadratmetrdən çox olan 59 mərkəz, o cümlədən Ər-Riyadda 12, Məkkədə 12, şərq bölgəsində 17 və digər bölgələrdə 18 logistik mərkəz daxildir.
Bütün mərkəzlərin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırıldığı halda, hazırda 21 mərkəzdə işlər davam etdirilir.
Baş plan həmçinin yerli sənaye mərkəzlərinə Səudiyyə məhsullarını yüksək səmərəliliklə ixrac etməyə və ölkənin regionları, şəhərləri və qubernatorluqları daxilində logistika mərkəzləri ilə paylama mərkəzləri arasında əlaqəni çox tez asanlaşdırmaq üçün e-ticarəti dəstəkləməyə imkan verəcək.
Səudiyyə Ərəbistanı Dünya Bankının aprel ayında dərc etdiyi Logistika Performans İndeksində qlobal miqyasda 17 pillə yüksələrək nəqliyyat və logistika sistemində daha bir uğura imza atıb.
160 ölkə arasında 38-ci yerə yüksələn Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri üzrə milli strategiyası 2030-cu ilə qədər logistika performans indeksinə görə dünyanın ilk 10 ölkəsi arasında olmağı hədəfləyir.