Bu gün ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 7209 məktəbli iştirak edib. Monitorinq 40 mərkəzdə təşkil olunub.
Bu barədə hafta.az-a Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq təbiət, tədris dili və riyaziyyat fənləri üzrə kağız daşıyıcılar və elektron formatda aparılıb. Monitorinqdə kağız daşıyıcılar üzrə 6706 nəfər, elektron formatda isə 503 şagird iştirak edib. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.