WhatsApp tərcümə funksiyası tətbiq edir: hansı dillər olacaq?

09:24 19.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mesajlaşma platforması “WhatsApp” mesajları dərhal başqa dilə tərcümə edəcək funksiya üzərində işləyir. Hazırlıq mərhələsində olan funksiya sayəsində daxil olan mesajlar anında tərcümə ediləcək. İstifadəçilər mesajın tərcümə edilib-edilməyəcəyini seçə biləcəklər. Beləliklə, ilk mərhələdə mesajlar hansı dillərə tərcümə olunacaq? Bu funksiya bütün dilləri əhatə edəcəkmi?

Hafta.az-ın yazdığına görə, WhatsApp istifadəçiləri mesajı tərcümə etmək istədikləri dili seçdikdən sonra tərcümə üçün tələb olunan dil paketini endirəcəklər. Mesajın məzmunu tərcümə edildikdə, tərcümənin tamamlandığını göstərən işarə görünəcək. Beləliklə, tərcümə edilmiş və edilməmiş mesajları bir-birindən ayırmaq olar.

WhatsApp-a gələn yeni tərcümə funksiyası tamamilə cihazda işləyəcək. Tərcümə başdan-başa şifrələmə texnologiyası çərçivəsində həyata keçiriləcək. Beləliklə, məlumat təhlükəsizliyi risk altında olmayacaq.

Birinci mərhələdə ingilis, ərəb, ispan, portuqal, rus və hind dillərindən tərcümələr mümkün olacaq. Sonrakı yeniləmələrdə tədricən yeni dillər əlavə olunacaq.