28 oktyabr tarixində "Bizim Market" mağazalar şəbəkəsinin tərkibində fəaliyyət göstərən “AzCake” MMC-ə məxsus kulinariya bölməsindən alınmış “ətli xaçapuri”nin içindən böcək çıxıb. Belə ki, yerində hazırlanan və qiyməti 1 manat 20 qəpiyə olan qida məhsulu adının haqqını tam anlamı ilə verib. Ancaq bu dəfə söhbət mal yaxud, toyuq ətindən yox, böcəkdən gedir.
Hafta.az əməkdaşı ilk olaraq məsələ ilə bağlı sözügedən mağazaya üz tutdu. Burada suallarımızı cavablandıran mağaza rəsmisi vəziyyətdən agah olduqdan sonra bildirdi ki, qidalar hazırlanan zaman təmizliyə tam riayət edilir:
“Açığı nə deyəcəyimi bilmirəm. Bizdə təmizliyə tam riayət edilir. Böcək yeməyin içinə necə uçub düşüb mənə də müəmmalı qaldı”.
Bəs görəsən belə halla qarşılaşan vətəndaş hansı hüquqlara malikdir və nə etməlidir? Problem Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA)bildirildikdə qurum tərəfindən hansı addımlar atılır?
Bu səpkidə ortaya çıxan suallarımızı isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsur Piriyevə ünvanladıq. Mətbuat katibi hadisə ilə bağlı 1003 qaynar xəttinə şikayət daxil olduqdan sonra tədbir görüldüyünü bildirdi:
“Yaxşı olardı ki, bununla bağlı qaynar xəttə müraciət edib, ünvan, vaxt, şikayətçinin ad və soyadı qeyd edilsin. Daha sonra həmin müəsisədə plandankənar yoxlama açılsın. Ancaq yoxlama aparıldıqdan sonra vəziyyətlə bağlı ətraflı məlumat verə, və həmin müəsisə ilə bağlı gərəkli tədbirlər görülə bilər”.