“Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. Mənə görə nəyisə həm dövlət, həm də valideyn etməlidir. Amma təbii ki, icbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Şəffaf sistem fikirləşməliyik ki, valideyn əlində olan artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləsin. Əgər hər hansı pul yığımı olarsa bu, qayda çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Kim istəyir iştirak edə bilər. Amma kim iştirak etmirsə də, bu barədə fikir bildirməməlidir”.
Hafta.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Çıxışın üzərindən saatlar keçməsinə baxmayaraq, artıq sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Vətəndaşlar, məktəblərdə pul yığılmasının qanuniləşdirilməsi halını qınayıb.
Gəlin görək məsələ ilə bağlı ekspertlər nə düşünür? Təhsil ocaqlarında pul yığılması hansı halda doğru, hansı halda yanlış ola bilər?
Ekspert Kamran Əsədov pul yığılması məsələsinə münasibət bildirərkən təəssüf hissi ilə vurğuladı ki, bu gün ölkədə fəaliyyət göstərən orta məktəblərdə hər əlamətdar günlər vaxtı şagirdlərdən pul yığılması adət halına çevrilib. Tək əlamətdar günlər münasibəti ilə bağlı orta məktəbdə pul yığılması bitmir, hətta məktəb direktorunun ad günü, sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır:
“Təhsil Nazirliyi bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir. Qeyd edim ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir. Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə pul yığılır. Təhsil Nazirıliyinin bu tipli halların qarşısını almaqda ciddi mövqe ortaya qoymaması o anlama gəlir ki, özləri də bu kimi halların baş vermsində maraqlıdırlar”.
Ekspert bir məqamı xüsusi vurğuladı. Bu da yığılan pulların miqdarının ildən-ilə artan templə dəyişməsidir:
“Acınacaqlı hal ondan ibarətdir ki, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Heç də bir sinifdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki, maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məktəb direktroru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir”.
Təhsil eksperti açıqlamasında, valideyn komitələri məsələsinə də toxundu. Hansı ki, bu dırnaqarası komitə valideynlərdən pul yığılması məsələsi ilə məşğul olur. K.Əsədov bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsini indiki vəziyyətdə zəruri hal kimi qiymətləndirir:
“Son illərdə texnoloji inkişaf məktəblərdə pul yığımı kompaniyasında struktur dəyişikliyinə gətirib çıxarıb. Belə ki, bu gün məktəblərdə valideyn komitələri adlı “qurumlar” var. Hansı ki, onlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bir sıra məqsədlər üçün pul yığımını təşkil edirlər. Məktəblərdə qeyri rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə "whatsapp" qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar. Çünki əsasən pul yığımları kiçik siniflərdə baş verir. Yuxarı sinif şagirdləri belə faktlar olanda onu sosial şəbəkədə yazır, mətbuata ötürə bilirlər. Lakin kiçik uşaqların belə imkanları olmadığı üçün onlarda pul yığımı hallarına rast gəlmək mümkündür. Hesab edirəm ki, əlamətdar günlər zamanı nazirlik tərəfindən monitorinqlər aparılmalı, təhsil müəssisələrinin qarşısında uşaqlardan bu haqda soruşulmalıdır. Fakt üzə çıxdığı zaman cəza tədbirləri görülməlidir. Sovet dövründə çox nadir hallarda hansısa məktəbdə bu cür hallara rast gəlmək olardı. Yalnız valideynin öz istəyi ilə müəllimə hər hansı hədiyyə verilirdi. Təkcə 8 martda deyil, digər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar verərdilər. Həmin açıqcada onlar müəllimlərinə arzularını yazırdılar və bu da müəllim üçün böyük hədiyyə sayılırdı. Xarici ölkələrdə isə müəllimlərə pul vermək, onları təhqir etmək deməkdir. Məsələn, Rusiyanın Voronej şəhərində bayram günlərində, xüsusən 8 martda şagirdlər müəllimlərə ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirlər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılır”.
Təhsil eksperti Elçin Əfəndi də bu mövzuda narazılıq bildirən vətəndaşlarla həmfikirdir. Onun, nazirin son açıqlamasına münasibəti isə belə oldu:
“Biz bilirik ki, dövlət məktəblərində pul yığılmamalıdır. Şagird müəyyən təşkilatların üzvüdürsə, yalnız bu halda pul ödəyə bilər. Başqa məsələlərdə isə hər hansı bir ödənişin olunmasından, pul yığılmasından söhbət belə gedə bilməz. Məktəb pulu nə üçün yığmalıdır? Əgər söhbət təmirdən gedirsə, dövlət bunun üçün maliyyə ayırır. Biz eşidirik ki, şagirdlərdən bayramlarla, yaxud da ad günləri ilə bağlı pul yığılır”.
Nazirin, "mən məktəbdə oxuyanda da pul yığmaq halları var idi" cümləsinə gəldikdə isə, Elçin Əfəndi bu fikri şiddətlə qınadığını vurğuladı:
“Dövr dəyişib. Biz indi elə islahatlar keçirtməliyik ki, belə xoşagəlməz hallar yaşanmasın. Niyə biz bu postu tutmuşuq? Ona görə varıq ki, bütün neqativ halların qarşısını alaq. Təəssüflər olsun ki biz, “əvvəllər də var idi, indi də var” deyərək özümüzə haqq qazandırırıq”.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə deyir ki, bununla bağlı birmənalı cavab yoxdur, amma bizim cəmiyyətə baxanda heç kim könüllü məktəbə yardım etmək imkanında deyil. Bu, məktəbdə korrupsiyanı sanksiyalaşdırmaqdır.