Xaricə axan beyinlər: qazanan kim, itirən kim?

16:27 23.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda xarici ölkələrdə təkcə öz vəsaiti hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 42 min nəfərdir

Bu gün bir çox gənclərimiz təhsil almaq üçün yerli universtetlərə deyil, xarici ali məktəblərə üz tuturlar. Onların bir hissəsi dövlət xətti, digər bir qismi isə öz vəsaitləri hesabına xaricdə təhsillərini davam etdirirlər. Ölkədən kənarda təhsil almağa yollanan gənclər hesab edirlər ki, uğurlu karyeraya gedən yol məhz xaricdə təhsildən başlayır.

Maraqlıdır, görəsən, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı neçə nəfərdir? Onlardan neçə nəfəri dövlət xəttii hesabına təhsil alır? Tələbələr daha çox hansı ölkələrdə və hansı ixtisaslar üzrə təhsil alırlar? İndiyədək, ümumilikdə, dövlət xətti ilə təhsil alan tələbələrdən neçə nəfəri təhsilini başa vuraraq Azərbaycana qayıdıb? Həmin tələbələrdən neçə nəfəri işlə təmin olunub?

Bununla bağlı apardığımız araşdırmalar göstərir ki, xaricdə yüksək səviyyədə təhsil alan gənclərin böyük bir hissəsi Azərbaycana geri qayıtmaq və burda qalıb işləmək istəmir. Qayıdan məzunlar isə əsasən dövlət deyil, özəl müəssisələrdə işləməyi üstün tuturlar. Məzunlar bunu dövlət sektorunda əmək haqqının o qədər də yüksək olmaması, eyni zamanda karyera qurmaq üçün özəl sektorun daha münasib olması ilə izah edirlər.

Çoxluq tibb, hüquq, informasiya texnologiyaları ixtisasını seçir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar:

“Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin universitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, kompüter və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur. Üçüncü kateqoriyanı isə 2007-2015-ci illəri əhatə edən xaricdə təhsil dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülürdü. Xaricdə təhsil proqramı ilə gəncləri daha çox müəyyən edilmiş prioritet ixtisaslar beynəlxalq münasibətlər, tibb, baytarlıq, kənd təsərrüfatı, mühəndislik, yüksək texnologiyalar, qədim dillər ixtisasları əhatə edir. Dövlət proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə alsaq, qeyd olunun ixtisaslar çox vacibdir. Amma proqramın effektivliyini əmək bazarında müşahidə etməmişik. Belə ki, daha çox dövlət orqanları üçün nəzərdə tutulmuş kadrlar əmək haqqının azlığı və perspektivin olmaması ucbatından özəl sektorda çalışmağa üstünlük verirlər”.

5000-ə yaxın gəncin təhsil almağa göndərilməsi planlaşdırılırdı, amma...

Ekspert vurğulayıb ki, hazırda xarici ölkələrdə öz vəsaiti hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı 42 min nəfərdir: “Onlardan 21 min 600-ü qardaş Türkiyədə, 8 mini Ukraynada, qalan 6 minə qədəri Rusiya və Gürcüstanda, eyni zamanda, digər Avropa və ABŞ universitetlərində təhsil alırlar. “Dövlət qulluğu” haqqında qanunvericiliyin tələblərinə görə, yalnız Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan şəxslər dövlət qulluğu imtahanının test mərhələsindən azaddırlar və onlar birbaşa müsahibə mərhələsinə buraxılırlar. Hesab edirəm ki, bu qaydaları müəyyən qədər təkmilləşdirmək lazımdır. Birinci, dövlət özü müəyyənləşdirməlidir ki, daha çox hansı sahələrdə bizim kadra ehtiyacımız var. Məsələn, səhiyyə, iqtisadiyyat, turizm, təhsil sahəsində ciddi şəkildə kadra ehtiyacımız var. Digər tərəfdən, hesab edirəm ki, istər Dövlət Proqramı çərçivəsində, istər öz vəsaiti hesabına dünya reytinqində ilk 500-də yeri olan ali məktəblərdə təhsil alan şəxslərə işə qəbulda imtiyaz olmalıdır. Yəni,onlar birbaşa müsahibə mərhələsinə buraxılmalı və işlə təmin edilməlidirlər. Nəzərə alsaq ki, Azərbaycan universitetləri dünya reytinqində demək olar ki, yoxdur və çox geridədirlər. Bu baxımdan biz ilk reytinq sıralamasında ilk 500-də yer alan ali məktəblərin məzunlarına iş imkanı yaratmalıyıq. Onu deyim ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”da 5000-ə yaxın azərbaycanlının xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi və bu işə 110 milyon manata yaxın vəsait sərf olundu . Lakin onlar arasında ölkəyə qayıdıb gələnlərin sayı o qədər də çox olmadı. Ya da bir müddətlik Azərbaycana qayıtdılar, sonra isə ölkəni tərk etdilər. Bütün hallarda hesab edirəm ki, biz mütləq şəkildə dövlət vəsaiti hesabına oxuyanların müqavilələrinə müəyyən bənd əlavə etməliydik ki, onlar qayıdıb Azərbaycana gəlməli və işləməlidirlər".

K.Əsədov gəncləri xaricdə təhsilə meylləndirən səbəblərə də toxunub və bildirib ki, bu gün Azərbaycan universitetləri əmək bazarının tələblərinə uyğun kadr yetişdirə bilmirlər: “Bu gənclərin xaricdə təhsil almaq istəyinin bir səbəbidir. Biz ali təhsilin keyfiyyəti artırmalıyıq. Təsəvvür edin ki, bu gün pedaqoji təhsilli bir şəxs müəllim olmaq üçün repetitor yanına hazırlığa gedir. Digər bir səbəb isə bizdə təhsil haqqının baha olmasıdır. Azərbaycanda ən ucuz təhsil haqqı 2000-2500 manatdır. Türkiyədə isə 400-500 manatdır. Yəni, gənclər xaricdə təhsilə təhsil haqqının baha, keyfiyyətin aşağı olması səbəbindən meyl edirlər”.

Xaricdə dövlət hesabına təhsil 3 istiqamətdə həyata keçirilir

Məsələ ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, hazırda xaricdə dövlət hesabına təhsil 3 istiqamətdə həyata keçirilir.

2020/21-ci tədris ili üzrə təhsil alanlardan 20-yə yaxın şəxs  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, 700-dən çox şəxs Hökumətlərarası Təqaüd Proqramları (HTP), 90-a yaxın şəxs isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsillərini davam etdirirlər. Ümumilikdə, 800-dən çox Azərbaycan Respublikası vətəndaşı dövlət hesabına xaricdə təhsil alır. Dövlət xətti ilə təhsilini davam etdirən tələbələr əsasən, Macarıstan, Çin, Rumıniya, Türkiyə və Rusiya kimi ölkərdə, Tibb, Mühəndislik, İqtisadiyyat və Kompüter elmləri ixtisasları üzrə təhsil alır.

2020-2021-ci tədris ilində HTP çərçivəsində ümumilikdə 234 nəfər Azərbaycan Respublikası vətəndaşı dünyanın 6 müxtəlif ölkəsində 43 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Azərbaycan Respublikası vətəndaşlarının 2020-2021-ci tədris ili üzrə HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazandığı ölkələrdən 193 nəfər Macarıstan, 20 nəfər Çin Xalq Respublikası, 8 nəfər Latviya, 5 nəfər Rumıniya, 5 nəfər Rusiya, 3 nəfər Qazaxıstanda təhsil almaq imkanı əldə edib. Onlardan 30 nəfər bakalavriat, 182 nəfər magistratura, 22 nəfər doktorantura təhsilini qazanıb.

2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin 2020-ci il üçün nəticələrinə görə, müsahibədən müsbət nəticə alan 29 nəfər olub. Müsahibədən azad olunanlar 7 nəfərdir. Müsbət nəticə almış, lakin imtina edənlərin sayı 2 nəfər olub. Müsahibə zamanı 8 nəfərə mənfi cavab verilib. Ümumi nəticəyə görə, müsbət cavab alanlar 11 ölkənin 22 ən nüfuzlu universitetlərində doktoranda təhsili hüququ qazanıb. Proqram iştirakçılarının qəbul olduğu ölkələr Türkiyə, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Belçika, ABŞ, Fransa, Rusiya, Niderland Krallığı və Lüksemburq olub. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub. Proqram iştirakçılarından 10 nəfəri Türkiyə, 9 nəfəri Almaniya, 5 nəfəri Birləşmiş Krallıq, 2 nəfəri ABŞ, 2 nəfəri Belçika, 2 nəfəri İtaliya, 1 nəfəri Fransa, 1 nəfəri Kanada, 1 nəfəri Lüksemburq, 1nəfəri Niderland Krallığında təhsil hüququ qazanıb. 

9 yerli ali təhsil müəssisəsi bu prosesdə iştiraka qoşulub. Proqram iştirakçıları “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində təhsillərini bitirdikdən sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisələrində fəaliyyətə cəlb ediləcəklər.

İndiyədək təhsilin hər üç pilləsi üzrə dövlət xətti ilə təhsil alan tələbələrdən neçə nəfərinin təhsilini başa vuraraq Azərbaycana qayıtdığına gəlincə, Nazirlikdən bildiriblər ki, təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq dövlət və özəl sektorda çalışmaq öhdəliyi yalnız Dövlət Proqramları məzunları üçün səciyyəvidir: “HTP xətti ilə xaricdə təhsil almaq hüququ qazanmış şəxslərin ölkə qayıtmaqla bağlı hər hansı hüquqi öhdəliyi yoxdur. “2007-2015 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış şəxslərin böyük əksəriyyəti hazırda dövlət və özəl sektorda aparıcı mövqelərdə çalışır, müəyyən bir qismi isə təhsilini növbəti mərhələdə davam etdirir və ya təhsil aldığı ölkədə ixtisasartırma keçir”.

Həmin tələbələrdən neçə nəfərinin işlə təmin olunması barədə sorğumuza cavab olaraq isə Nazirlikdən bildirilib ki,bununla bağlı hər hansı öhdəlik daşımırlar: “Mövcud qanunvericiliyə uyğun olaraq, dövlət hesabına xaricdə təhsil almış şəxslərin Azərbaycanda işlə təmin olunması ilə bağlı Təhsil Nazirliyi hər hansı öhdəlik daşımır, lakin onların iş tapması, namizədliklərinin müvafiq vakansiyalar üzrə aidiyyəti dövlət qurumlarında dəyərləndirilməsi istiqamətində müvafiq dəstəkləyici tədbirləri mütəmadi həyata keçirir”.