Azərbaycan xarici dövlət borcunu artırmaq istəyir. Bu barədə Milli Məslisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. O deyib ki, xarici dövlət borcu elə də böyük məbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik: “Xarici dövlət borcunun, təxminən, 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edək”.
Nazir bununla yanaşı, daxili borcların həcminin artdığını vurğulayıb: “Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi. “Aqrarkredit” bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, bu qurum bu borcları idarə etmək iqtidarında deyil. Nəticə etibarı ilə bu borcu dövlət borcu kimi qiymətləndirdik. Bu, dövlət borcumuzun artmasına təsir etdi”.əbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik”.
Maraqlıdır, görəsən, Azərbaycanda daxili borcların artması fonunda xarici borcun 10 milyard dollara çatdırılması hansısa risk yarada bilərmi?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, hazırda xarici dövlət borcu elə də böyük məbləğdə olmadığından daha çox layihələrlə bağlı onu artırmaq mümkündür. Onun sözlərinə görə, burada heç bir qorxulu tendensiya yoxdur: "Bu ilin yanvarın 1-nə ölkəmizin daxili və xarici borcunun səviyyəsi 26 milyard 850 milyon 400 min manat təşkil edib. Bu da ötən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8 faizinə bərabər deməkdir. Bunun 10 milyard 984 milyon manatı (6 milyard 461 milyon 200 min ABŞ dolları) - 40,9 faizi xarici, 15 milyard 866 milyon 400 min manatı - 59,1 faizi isə daxili dövlət borcunun payına düşüb. Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxili borcdan azdır. Əsas cəhət də elə məhz bundadır. Belə ki, 6 milyard 461 milyon 200 min ABŞ dolları həcmində xarici dövlət borcu səviyyəsi 2023-cü il ərzində qeydə alınmış 123 milyard 5 milyon 500 min manat ÜDM-in 8,9 faizinə bərabərdir. Bu, hətta inkişaf etmiş ölkələrin belə paxıllıq edəcəyi bir rəqəmdir. Onlarda xarici dövlət borcunun ÜDM-ə nisbətdə səviyyəsi bundan dəfələrlə çox olur".
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin hələ illər öncədən irəli sürdüyü təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə müvafiq strategiya həyata keçirilir: "Buna uyğun olaraq, xarici borc ümumi borc portfelində azlıq təşkil edir. Eyni zamanda 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı da azalır. Dövlət başçısı 2018-ci ildə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Həmin sənəddə dövlət borcu sahəsində dayanıqlılığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya vəzifə olaraq qoyulub".
Ekspertin dediyinə görə, ölkəmiz bu illər ərzində xaricdən borc almağı azaldıb: “Əvəzində daxili borclanma genişləndirilib. Bunun heç bir zərəri yoxdur. Çünki daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf edib və edir. Böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik. Odur ki, xaricdən gen-bol borc vəsaitləri cəlb edə bilərik".
Məsələyə ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, əsas borc götürmək deyil, onun necə və hara xərclənəcəyidir: “Demək olar ki, Azərbaycan dünyada ən az borc alan ölkələrdəndir. Borc təkcə maliyyə resursu deyil, həm də texnologiyanın inkişafına, idarəetmə təcrübələrinə yiyələnməyə gətirib çıxarır. Azərbaycan özü də borc verir. Neft Fondu ilə istiqrazlara pul yatırmaqla digər dövlətlərə borc verib, borcu götürə bilər. Burada nə təhlükəyə, nə narahatlığa səbəb var. Əsas maliyyə intizamına nəzarət edilməlidir ki, borc düzgün layihələrə cəlb olunsun. Eyni zamanda ölkəni varlandırsın, inkişaf etdirsin, ölkənin problemlərini həll etsin, xərcdən çox ölkəyə gəlir gətirsin. Hazırda, ölkənin kifayət qədər az borcu var, onun artması da normal sayılır”.
Ekspert vurğulayıb ki, səmərəsiz, istiqaməti düzgün proqnozlaşdırılmayan xərcləmə üsulu aparılarsa, nəinki xaricdən borc alan zaman, eləcə də Neft Fondundan götürülən vəsaitlərdən istifadə zamanı da, risk faktoru yarana bilər.
İqtisadçı hesab edir ki, ölkənin hətta daxili borclanması daha sürətlə artırılmalıdır: “Ölkədə ciddi həll olunmalı mühüm məsələlər var. Bunun üçün də ölkə milli valyutada əhalidən, şirkətlərdən borc cəlb etməlidir. Amerikanın da borcu var. Hazırda ABŞ-nin borcu ümumi daxili məhsulun 120-130 faizinə bərabərdir. Yaponiyanın borcu 250 faizin nisbətinə bərabərdir. İtaliyada 300 faizdən çoxdur. Ümumiyyətlə, dünyada dövlət borcunun ümumi daxili məhsulun nisbəti 65 -70 faizarasında olanda normal hesab edilir. Azərbaycanda bu rəqəmlər çox kiçikdir. Amma xarici valyuta ilə borclanmalarda xüsusi ilə ehtiyatlı olmaq lazımdır. Hökumət yəqin ki, bunu nəzərə alaraq hələ az borclanmaya gedir”.
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanın xarici borcunun ümumi daxili məhsulda payı birrəqəmlidir: “Nəzərə almaq lazımdır ki, praktik olaraq mövcud borc səviyyəsi hər hansı bir risq formalaşdırmır. Ona görə də xarbildirib ci borcun artırılması imkanları əvvəl də yüksək qiymətləndirilirdi. Çünki hətta xarici borcun iki dəfə artırılması belə, ÜDM-dəki payın kəskin artmasına gətirib çıxarmayacaq. Nəticə etibarı ilə nəzərə alsaq ki, xarici borcun ÜDM-dəki payı 35 faizə qədər olanda bu məqbul hesab olunur. Ancaq xarici borc 10 milyard dollara çatdırıldıqda belə, biz xarici borcun ÜDM-dəki payının hətta 20 faizə çatmayacağını müşahidə edəcəyik. Bu isə o deməkdir ki, 10 milyard dollaradək xarici borclanma belə, xarici borcla bağlı riskləri artırmayacaq. O baxımdan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davam etdirilir. Xüsusəndə Qarabağ və Şərqi Zəngəzurun bərpası konteksində vəsaitlərə ehtiyac artır. Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasına zərurət var. Bir sıra yeni infrastruktur layihələrinin - avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması vəsaitlərə olan tələbi artırır. Ba baxımdan xarici borcun 10 milyard dollara çatdırılması iqtisadi baxımdan hər hansı bir risq formalaşdırmır. Əksinə, bu, kreativ istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradacaq”.