Azərbaycanda “təcili tibbi yardım”la bağlı yalan çağırış edənlərə qarşı cərimələrin artırılması təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib.
Millət vəkili bildirib ki, gün ərzində “təcili yardım”a daxil olan müraciətlərin 30 faizi təsdiqini tapmır, yəni yalan çıxır. Onun sözlərinə görə, “təcili tibbi yardım”a gün ərzində 3000-dən çox müraciət daxil olur: “Bunun da təxminən, 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, “təcili yardım” və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tibb sahəsi üzrə ekspert İlqar Hüseynli də hesab edir ki, yalançı çağırışlara yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır: “Belə əsassız “təcili tibbi yardım” çağırışı edən insan düşünməlidir ki, “təcili tibbi yardım”ın hər hansısa bir ünvana getməsi üçün müəyyən məsrəf tələb olunur. Bu, həm də sistemin işini pozmuş olur. Həqiqətən “təcili yardım”a ehtiyacı olan şəxs bəzən onlara görə gözləməli olur. Ona görə də çalışmaq lazımdır ki, əsassız “təcili tibbi yardım” çağırışı edən şəxslər cəzalandırılsın. Lakin mən inanmıram ki, gələn zənglərin böyük əksəriyyəti əsassız olsun. Fikrimcə, bu kimi faktlar zənglərin çox cüzi bir faizini təşkil edir. Adətən, zənglərin əksəriyyəti insanların ehtiyacından irəli gəlir. Xeyli sayda adam var ki, həqiqətən də xəstədir, köməyə ehtiyacı var və tək qalır. Onların tibbi yardıma ehtiyacı olur. Eyni zamanda, gələn bütün zənglər qeydiyyata alınır. Əgər yalançı çağırış varsa, onun üstünə düşmək və lazım olarsa, həmin şəxsi müvafiq qaydada cəzalandırmaq olar. Bununla bağlı cərimə məbləğləri də artırılmalıdır. Mən deyərdim ki, bu məbləğ 500 manata çatdırılmalıdır. Bəzi insanları məsuliyyətsiz davranışlarından çəkindirmək üçün bütün cəza vasitələrindən istifadə olunmalıdır”.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yanlış tibbi çağırışlarla bağlı bir neçə dəfə müzakirələr aparılıb: “Dünyanın hər yerində “təcili yardım” sistemi bütövlükdə fərqli prinsipdə fəaliyyət göstərir. Bu sistem qəzaya düşən, ağır durumda olan, ilk tibbi yardıma vacib ehtiyacı olan şəxslərə aiddir. Məsələn, heç bir ölkədə başağrısı kimi kiçik problemlərə görə “təcili yardım” çağırılmır. İnsanlar öz-özünə ilk tibbi yardım göstərməyi bacarmalıdır. Onlar ailə həkimindən tövsiyə alaraq problemi həll edə bilərlər. Təxirəsalınmaz stiuasiyalarda misal olaraq, travmalar, qanaxmalar çeşidlənərək ilk sıraya düzülməli və onlara birinci növbədə yardım edilməlidir”.
Onun sözlərinə görə, bu kimi məsələlərdə vətəndaşlar məsuliyyətli olmalıdırlar: “Məsələn, qonşu Rusiyada bununla əlaqədar müvafiq cəzalar mövcuddur. Həmin şəxs əməlinə görə həbs oluna bilər. “Təcili yardım”a yanlış müraciət olunduqda başqa bir yerdə ehtiyacı olan xəstə həyatını itirə bilər. Ona görə də bu kimi halların qarşısının alınması üçün vətəndaşları məsuliyyətli olmağa sövq etmək vacibdir”.