Xəyalət şəhər - Maraş insanların üzünə açıldı (FOTO)

14:40 08.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Yavru vətən” adlandırdığımız Şimali Kipr Türk Respublikasında tarixinin çox önəmli hadisəsi baş verib.

Hafta.az yazır ki, 46 ildir bağlı qalan, insan səsinə qəribsədiyi üçün xəyalət şəhər ünvanını almış Maraş şəhəri bu gün yerli vaxtla saat 12-də qismən açılıb. Bu şəhər 1974-cü ildən bəri Kıprıs sərhədləri daxilində yerləşsə də, xalq şəhərin ərazisinə daxil ola bilmirdi. Lakin bu cür tarixi ədalətsizliyə daha artıq dözmək mümkün deyildi və Türkiyənin də ciddi dəstəyi ilə Maraşa, daha doğrusu ilkin vaxtlarda sahilboyu bölgələrinə daxilolma qadağaları qismən aradan qaldırıldı. Əlbəttə, ilk andaca Yunanıstan qəti etirazını bildirdi. Lakin etirazlar “arxadan atılan daş topuğa dəyər” deyərlər, verilən qərara təsir edə bilməzdi. Artıq insanlar xəyalə şəhərin küçələrinə, əskimiş və dağınıq binalarına, məhəllələrinə tamaşa etmək üçün dəstə-dəstə, necə deyərlər, taybatay açılmış qapılara axın etməkdədirlər...

İkinci Kıprıs Sülh Hərakatından sonra türk ordusunun nəzarəti altına girən Maraş, adanı ikiyə bölən “yaşıl xətt”in üstündə qaldığı üçün BMT Təhlükəsizlik Şurasının qərarı ilə 1974-cü ildə boşaldıldı və əhalinin yaşayışına bağlanıldı. Lakin bu bölgə Türkiyə tərəfindən hərbi zona elan edildiyi üçün, adada BMT-nin nəzarətində olmayan iki məntəqədən biri sayılırdı.

Ölkənin cənubunda – Qazimaqusa şəhərinin sərhədləri daxilində yerləşən, amma əlbəttə, girilməsi yasaqlanmış bu bölgənin taleyinə aydınlıq gətirmək üçün adadakı tərəflər arasında dəfələrlə aparılmış müzakirələr heç bir müsbət nəticə verməmişdi. Beləliklə, o dönəmdə məşhur otelləri və günəşli, yumşaq qumlu sahiliylə dünyanın ən məşhur turizm mərkəzləri arasında yer tutan Maraşın yenidən açılması üçün göstərilən səylər indiyədək nəticəsiz qalmışdı.

Amma nəhayət, ötən il iyunun 18-də toplanan Şimali Kipr Türk Cümhuriyyətinin Nazirlər Şurası Maraşın yenidən açılması üçün qərar verdi. Eyni zamanda, açılışa hazırlıq məqsədilə mütəxəssislərdən ibarət komissiya da yaradıldı. Komissiyanın işi açılış gününədək şəhərdə envanterin siyahıya alınması işini həyata keçirməliydi və belə də oldu.

Bu arada, həftənin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Kıprısın baş naziri Ersin Tatar görülən işlər barədə məlumat vermişdi. Demişdi ki, Kıprıs türklərinin öz torpağı olan şəhərin sahil qismini və Demokratiya prospektini xalqın istifadəsi üçün açırlar. Təbii ki, Ərdoğan da Maraşın açılmasına Türkiyənin hər cür dəstəyi verəcəyini bildirib, Ərdoğan deyib ki, Maraş adadakı çözümsüzlüyün sadəcə bir parçasıdır. Bu cür yaşamağa son qoyulur və bundan sonra xəyallar sökülərək, yerinə tam reallıqlar inşa ediləcək…