Hafta.az oxucuları İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi qüvvələrinin nəzarətinə keçmiş Azərbaycan məntəqələrindəki vəziyyətlə tanış etməkdə davam edir.
Azərbaycan Respublikası Xocalı rayonunun Rusiya hərbçilərinin nəzarətində olan Almalı kəndində hazırda 784 erməni yaşayır.
Bu barədə Xankəndindəki separatçı nəşrlərə “Xndzristan” adlandırılmış kəndin qanunsuz icmasının rəhbəri Aleksey Avanesyan danışıb.
A.Avanesyanın sözlərindən belə bəlli olur ki, 44 günlük müharibədən sonra Almalıda qanunsuz olaraq Kəlbəcər, Şuşa və Hadrutdan köçmüş 74 erməni məskunlaşıb.
Separatçı rejimin “büdcəsi” hesabına kənddə 5 ev təmir olunaraq köçkün ermənilərə verilib.
“Kənddə tibb məntəqəsi, klub, mədəniyyət evi, yeni tikilmiş banket zalımız var. Məktəbdə 148 şagird təhsil alır. Uşaq bağçasının binası ermənilərə yardım cəmiyyəti tərəfindən təmir edilib və burada 43 uşaq tərbiyə alır. Kənd yollarının bəzilərinə asfalt döşənib, bəzilərində isə işlərin aparılması nəzərdə tutulub. Müharibədən sonra kəndi magistral yol ilə birləşdirən yolun 3,6 kilometri asfaltlanıb. Kənd qaz, işıq və su ilə təmin edilib. 44 günlük müharibə zamanı 4 sakin ölüb, 2 erməni yaralanıb”- qanunsuz “icma rəhbəri” belə deyib.
Zəruri arayış:
Almalı — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənddir. Dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra buraya köçürülmüş ermənilər kənddə məskunlaşmış və kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşlar. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır.
Almalı 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. 2005-ci ildə keçmiş Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edib. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib...