Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, bu dəfə də Müstəqillik Gününü işğaldan azad edilmiş ərazilərimizdə keçmiş məcburi köçkünlərlə qarşıladı. Dövlət başçısı bu dəfə Xocalı sakinlərinin qonağı oldu.
Xocalıya səfəri çərçivəsində Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva burada 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
Dövlət başçısı ərazidə Xocalı sakinləri ilə görüşüb mühüm açıqlamalar verib. Bildirib ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi sevindirici haldır: "Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur".
Dövlət başçısı daha sonra deyib: "Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır".
Dövlət başçısı Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı da danışıb. Onun sözlərinə görə, uzun illər bu məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".
Prezidentin Xocalıya səfəri ictimai-siyasi kəsim tərəfindən də yüksək dəyərləndirilir.
Deputat Fəzail Ağamalı bildirib ki, 44 günlük müharibə və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatından sonra ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş və bu gün də quruculuq işlərinin geniş miqyas aldığı dogma yurdlarımıza səfəri böyük əhəmiyyətə malikdir. Deputat qeyd edib ki, Prezident bu səfərlər çərçivəsində görülən işlərlə tanış olur, lazımi tapşırıqları verir və quruculuq prosesi sistemli şəkildə davam etdirilir.
F.Ağamalı bildirib ki, ölkə Prezidentinin Xocalıya xüsusi yanaşması oldu. “Nəticədə qısa zamanda bərpa istiqamətində tədbirlər görüldü və mayın 28-də Xocalının öz sakinləri doğma yurdlarına qaytarıldı. Artıq Xocalı da inkişaf edən, gözəlləşən, bütün problemləri qısa zamanda öz həllini tapan gözəl yurdlarımızdan birinə çevrilməkdədir. Bütün bunların təşkilatçısı, memarı möhtərəm Prezidentdir və buna görə Azərbaycan xalqının təşəkkürünə, məhəbbətinə layiqdir”.
Deputat Xocalıda məskunlaşma ilə zamanlamaya diqqət çəkib. Bildirib ki, məskunlaşma o zaman həyata keçirilə bilərdi ki, separatçı xunta rejimi tamamilə ləğv edilsin və artıq 2020-ci ilin noyabr ayında üçtərəfli bəyanatın konsepsiyasına uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalmasına ehtiyac olmasın: “Bu proses uğurla başa çatdı və sülhməramlılar qərargahlarının yerləşdiyi Xocalını tərk etdilər. Birmənalı şəkildə demək olar ki, bu hadisə ölkə Prezidenti İlham Əliyevin həyata keçirmiş olduğu ciddi diplomatik, hərbi, siyasi uğurunun nəticəsi idi.
Xocalıya xüsusi diqqət yetirilməli idi ki, bu da qısa zamanda həyata keçirildi. Xocalı Azərbaycan tarixində, xalqın qan yaddaşında tam başqa bəxtəvərlik duyğusu doğurur. Xocalı soyqırımı 1990-cı illərin əvvəlində Azərbaycan xalqına vurulan ən ciddi zərbə idi və bu gün də həmin acı günləri yaddaşlarımızda yaşatmaqdayıq”.
Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli bildirib ki, Xocalı şəhərinə olan bu köç karvanı və cənab Prezidentin Qarabağa səfərinə zaman daxilində sadə gediş kimi baxmaq olmaz. Onun fikrincə, Prezidentin hər səfərinin arxasında dünyasəviyyəli bir mesaj durur:
“Ölkə başçısının bütün tarixi günlərdə, ad günlərində Qarabağa etdiyi səfərlər – “Qarabağ alınıb, Qarabağ dirçəldilir, onun lideri var və biz heç kəsin diqtəsi ilə hərəkət etməyəcəyik” – mesajını verir”.
F.İbrahimli hesab edir ki, işğaldan azad olunmuş ərazilərə edilən səfərlərdə Xocalı şəhəri xüsusi önəm kəsb edir. Xocalıda törədilən soyqırımı tarixin ən böyük faciələrindən biridir və dünya bu hadisəyə şahidlik etsə də, susdu: “Xocalı faciəsi sübut etdi ki, Ermənistan üçün Böyük Ermənistan ideologiyası var və bu, yarandığı gündən addım-addım irəliləyirdi. Belə ki, Ermənistan dövlətini yaradıb, ərazisi genişlənib, Azərbaycanın 20 faiz torpağını işğal edib və oturub. Ermənistan gəncləri, hərbçiləri aparılan “uğurlu siyasət”in nəticəsini gözləri ilə gördü. Əgər Sarkisyan “Biz Xocalını ona görə törətdik ki, bunlar bilsinlər ki, biz heç kimə güzət edən deyilik”, – sözlərini çəkinmədən deyə bilirdisə, artıq dünyanın “ədalət”inin hansı səviyyədə olduğu aydın görünürdü. Azərbaycana qarşı törədilən cinayətlər dünyanın gözü qarşısında baş verirdi. Amma onların özləri kor, qulaqları kar idi. Dünyanın səfirləri Azərbaycanda oturmuşdu və gözlərinin qarşısında baş verən faciəni görmürdülər. “Xocalıya Ədalət” fəryadı ilə bütün dünyaya çıxırdıq. Dünya təşkilatları qarşısında məsələlər qaldırırdıq. Sonra məlum oldu ki, bizi aldadırlar. Bundan sonra Azərbaycan qəti addımlar atıb işğala son qoydu”.
F.İbrahimli dünyanın dəyişdiyini və Qarabağı işğaldan azad etməklə dəfn olunan “böyük Ermənistan” ideologiyasının tabutuna möhkəm bir mismar vurulduğunu bəyan edib.
“Artıq o ideologiyaya inam itdi. İndi Daşnaksutyun partiyası nə qədər səs-küy yaratmağa çalışsa da, bunlar yanlış siqnallardır, çünki artıq iflasa uğrayıb. Daşnaksutyun Partiyasının idelogiyası, Xocalıda insanlığa sığmayan bir hərəkət kimi göründü, iflasa uğradı.
İndi cənab Prezident Xocalıya gedir, orada açılışlar edir, həmin ərazidə, torpaqlarda qürurla addımlayır. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Prezidentin Qarabağda atdığı addımlar, Xankəndidə keçirilən parad, Şuşada düzənlənən tədbirlər dünya dövlətlərinə “Siz Azərbaycanı tanıyın, bilin, bura Azərbaycandır, bu torpaqların sahibi bizik, lideri mənəm, heç kəs bizə diqtə edə bilməz” mesajıdır”.
F.İbrahimli bu səfərlər ilə Xocalının yarasına daha bir məlhəm qoyulduğunu qeyd edib: “Xocalının göz yaşları quruyur. Bu gün Xocalı ayaq üstündədir. Onun azadlığı uğrunda dünyasını dəyişən şəhidlərin ruhu şaddır. O körpələrin, ağsaqqalların Vətənə qayıtması Xocalı yarasının məlhəmidir”.
F.İbrahimli Prezidentin Müstəqillik Günü Xocalıya səfərini Cümhuriyyət qurucularının da ruhunu şad etdiyini deyib: “Onlar da Vətən uğrunda öz canlarını fəda etdilər. Nəsib bəy Yusifbəylinin bu gün də qəbri məlum deyil. Fətəli Xan Xoyskini güllələdilər, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyov Fransada ahu-zarla dünyasını dəyişdi, Məmmədəmin Rəsulzadə “Azərbaycan, Azərbaycan”, – deyərək dünyasını dəyişdi. Bu gün onların da ruhları da şaddır. Uğrunda mübarizə apardıqları Azərbaycan bu gün dünyaya nümunə olan bir ölkə kimi həyatını davam etdirir”.