Şimali Koreyanın ballistik raket proqramını yenidən sürətləndirməsi və Çinin dənizlərdə hərbi varlığını artırması Yaponiyanın təhlükəsizlik narahatlıqlarını gücləndirsə də, Yaponiya mətbuatından bölgədəki tarazlığı dəyişdirə biləcək bir iddia gəlib.
Məlumata görə, Yaponiya, Britaniya və İtaliya birgə yeni döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəliblər. Bildirilir ki, layihənin təfərrüatlarının gələn həftə ictimaiyyətə açıqlanması planlaşdırılır. Sözügedən əməkdaşlıq addımının Yaponiyanın yeni milli təhlükəsizlik strategiyasını açıqlaması gözlənilən dekabrın əvvəlinə təsadüf etməsi diqqət çəkir.
Əgər Britaniya və İtaliya ilə birgə döyüş təyyarəsi hazırlanarsa, Yaponiya ilk dəfə yüksək müdafiə texnologiyaları üzrə ABŞ-dan başqa ölkələrlə əməkdaşlıq etmiş olacaq. Bu, həmçinin Böyük Britaniyanın Asiyanın təhlükəsizlik mühitindəki rolunu daha da vacib edəcək.