Dünən açıqlanan məlumata görə, Tokio hökumətinin çox aşağı doğum nisbətini artırmaq üçün tədbirləri gücləndirdiyi bir vaxtda Yaponiyada 2022-ci ildə əhalinin sayında rekord azalma qeydə alıb.
Hafta.az-ın yazdığına görə, Yaponiya əhalisi 2023-cü il yanvarın 1-nə 122,42 milyon nəfərə çatıb və bu 2021-ci illə müqayisədə təxminən 800,5 min nəfər azalma deməkdir.
Dxili İşlər Nazirliyi 1968-ci ildən bəri ən yüksək 0,68 faiz azalmanın şahidi olduqlarını bildirib.
Yaponiyada ilk dəfə olaraq bütün şəhərlərdə birmənalı şəkildə əhalinin azalması prosesi gedib.
Bir çox sənayeləşmiş ölkələr doğum nisbətlərinin azalmasının şahidi olsa da, bu tendensiya xüsusilə 14 il ardıcıl olaraq əhalinin azaldığı Yaponiya arxipelaqında özünü açıq büruzə verib.
Yaponiya əhalisinin təxminən 30 faizi 65 və daha yuxarı yaşdadır. Bu göstərici ölkəni Monakodan sonra dünyada ikinci yerə çıxarır. Digər tərəfdən, ötən il ölkədə yaşayan əcnəbilərin sayı 10,7 faiz artıb. Təxminən 289498 nəfərlik artımla ölkədə əcnəbilərin sayı üç milyon nəfərə çataraq rekord qırıb. Belə kəskin artım, koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün ötən il Yaponiyaya səyahət məhdudiyyətlərinin yumşaldılması ilə üst-üstə düşür.
Yaponiyada nisbətən sərt immiqrasiya qaydaları var. Lakin hökumət işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün onları tədricən yumşaldır.
Baş nazir Fumio Kişida yanvarda Yaponiyanın "cəmiyyət kimi fəaliyyətini davam etdirə bilməmək həddinə çatdığını" söyləyib.
Bu ilin əvvəlində açıqlanan məlumatlara görə, arxipelaqda 2022-ci ildə 800 mindən az doğum qeydə alınıb ki, bu da ən aşağı göstəricidir.
"Uşaqların və əhalinin sayının azalması Yaponiyanın sosial və iqtisadi aspektləri ilə bağlı mühüm məsələdir", - hökumətin sözçüsü Hirokazu Matsuno bu gün keçirdiyi mətbuat konfransında bildirib.