Bakıda sahibkarlar tez-tez binalar tiksələr də, parkların salınması istiqamətində təşəbbüslər yoxdur. Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Agentliyin keçirdiyi ictimai dinləmədə deyib.
O bildirib ki, yeni yaşayış binaları salınarkən qanunvericilik nəzərə alınmalıdır: “Şəhər inkişaf edir, quruculuq işləri aparılır, ancaq bu, birtərəfli olmamalıdır. Son zamanlar, xüsusilə Bakıda tikinti işləri ilə bağlı yaşıllıqların mühafizəsində çətinliklər yaranır. Söküntü də elə yaşıllığın məhv edilməsidir. Şirkətlərin mövcud ağacların saxlanılması, hər hansı yaşıllıq və mahiyyət kəsb edən məsələlərə diqqət yetirməklə bağlı öhdəliyi var. Bu gün inkişaf birtərəfli gedir. Parkların çoxuna baxırsan, hər şeyi dövlət edir. Evi tikən də ədalətli olmalıdır. Heç olmaya binaları tikərkən park da salınsın”.
Sədr vurğulayıb ki, əgər sahibkarlarla əməkdaşlıq qarşılıqlı davam etsə, bu zaman yaşıllıqlar daha çox qorunacaq.
O, hüquq-mühafizə orqanlarının icazəsiz formada yaşıllıqları aradan qaldıranlara qarşı tədbirlər gördüyünü də qeyd edib.
Qeyd edək ki, bu gün yaşıllıqların kütləvi şəkildə kəsilməsi və ya götürülməsi faktları daha çox tikinti şirkətlərinin payına düşür. Əslində Azərbaycanda hələ 2019-cu ildən tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar. Bu tələb "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində öz əksini tapsa da, tikinti maqnatları əksər hallarda buna əməl etmirlər. "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında yaşıllıq norması 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Bu qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak məsələləri üzrə eskeprt Elnur Fərzəliyev bildirib ki, 1985-ci ilədək Bakı MDB və region ölkələrinin ən yaşıl şəhərlərindən biri olub. Amma hazırda Bakı sputnikdən baxdıqda boz torpaq sahəsinə bənzəyir: “Düzdür, Bakıda son illər salınan parkların sayı artıb. Amma insanların sıx yaşadığı ərazilərdə yaşıllıq sahələri azalıb. Çünki, köhnə parkların bir hissəsi yaşayış binalarına çevrilib. Digər ərazilərdə isə parklara ağac əkmək, yaşıllıq salmaq əvəzinə mərmər döşənib. Mərmər döşəməli parklar yaşıllıqlarla əvəzlənməlidir”.
Ekspert deyib ki, köhnə tikilmiş binaların həyətlərindəki ağacların isə bir qismi ömrünü başa vurub: "Onları yeniləri ilə əvəzləmirlər. Dekorativ, ekologiyaya elə bir faydası olmayan ağaclar əkilir. Əvvəllər şam ağacları əkilərdi. Bu ağacları havanı təmiz saxlamaqla yanaşı, sürüşmənin də qarşısını alırdı. Bu ağacın rişələri torpağa kök salaraq torpağı bərkidirdi, sürüşmənin qarşısını alırdı".
Həmsöhbətimiz vurğulayıb ki, qəzalı binalar sökülüb yerində yeniləri inşa olunduqca bu mənzərə daha da pisləşəcək. Onun sözlərinə görə, Bakıda hələ qeydiyyatdan keçməyən yüzlərlə köhnə qəzalı bina var. Bu binaları dövlət yox, özəl tikinti şirkətləri sökür. Bu zaman onlar tikintiyə və sakinlərin köçürülməsinə, bina hazır olanadək kirayədə yaşamasına qoyduqları xərci çıxartmağa, gəlir əldə etməyə çalışırlar. Onlar tikinti zamanı əksər hallarda yaşıllıq normalarına əməl etmirlər: “İndi Bakıda tək-tük yaşıllıq əraziləri qalıb ki, onlar da qəbiristanlıqlardır. Bakıda ən yaşıl ərazilər “Yasamal qəbiristanlığı”, Mərkəzi Nəbatat bağıdır. Digər yerlərdə isə yaşıllıqlar binaların həyətində qalan tək-tük ağaclardır".
Ekspert bildirir ki, sovet dövründə inşa olunan yaşayış binaları əhalinin sayına, yaşıllığa uyğun hesablanıb. Son illər Bakıda əhali sayı sürətlə artıb. İnsanlar üçün nəzərdə tutulan yaşıllıq əraziləri də binalarla əvəzlənib. Ona görə də yaşıllıqların sayı artırılmalıdır. Köhnə binaların həyətindəki ağacların yaxınlığından yeni ağaclar əkilməlidir ki, həmin ağaclar quruduqdan sonra yaşıllığı qoruyub saxlamaq mümkün olsun.
E. Fərzəliyev onu da qeyd eib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu sahibkarların qarşısına yaşıllıqların salınmasını bir tələb kimi qoymalıdır: “Binalar inşa olunmazdan əvvəl çoxlu sayda dövlət qurumlarının razılığı alınır. Yaşıllıqlar da şəhərsalmanın normaları sayılır. Bina inşa edən sahibkarlardan bu normalara əməl etmək tələb olunmalıdır”.