Yayın sonuna doğru: Rusiyada və xaricdə tətilin qiyməti

10:47 13.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Turizmdə “pik ay”dayıq. Avqust Rusiyada və xaricdə tətil bölgələrində ən sıx dövr olaraq seçilir. Mütəxəssislər bu mövsüm rekord sayda rusiyalı turistin tətilə gedəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, təkcə Krasnodar diyarı bu il 19 milyondan çox turisti qəbul etməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, “Profil” Rusiyanın Qara dəniz sahillərindəki kurortlarda və ən populyar xarici istiqamətlərdə tətilin nə qədər baha olduğunu araşdırıb.

Rusiyada yay tətili üçün ən çox Krasnodar diyarı seçilir. Region rəsmilərinin hesablamalarına görə, bu il bölgədəki kurortlar 19 milyondan çox turisti qəbul edəcək. Xüsusilə may-avqust ayları arasında turistlərin bu axını bölgədəki əksər otellərin dolmasına səbəb olub. Bununla belə, rezervasiya etmək istəyənlər üçün son anda yer tapmaq hələ də mümkündür.

Rusiyanın Qara dəniz sahilində yerləşən kurortlarda həm büdcəyə uyğun, həm də lüks seçimlər var. Məsələn, Soçidə üçulduzlu oteldə iki böyük və bir uşaq üçün bir həftə qalmaq 63 min rubldan başlayır. Dördulduzlu otellərdə bu qiymət 122500 rubla, beşulduzlu otellərdə isə 202 min rubla qədər qalxa bilər. Gələncik kimi digər tətil bölgələrində qiymətlər bir qədər yüksəkdir. Məsələn, üçulduzlu oteldə yerləşmə 97 min rubldan başlayır, dördulduzlu otellərdə isə bu rəqəm 151 min rubla çatır.

Rusiyalı turistlərin xarici tətil seçimlərində Türkiyə yenə ön sıralardadır. Lakin “Profil”in məlumatına görə, bu il Türkiyədə bəzi otellərin yüksək qiymət siyasətinə görə tələbatda azalma müşahidə olunub. Nəticədə otellər qiymətləri aşağı salmağa məcbur olublar. Məsələn, iyul ayı üçün edilən rezervasiyalar iyun ayına nisbətən daha aşağı qiymətə təklif olunur. Buna baxmayaraq, Türkiyədə beşulduzlu oteldə iki nəfərlik tətil üçün qiymətlər 300 min rubl ətrafında qalmaqda davam edir.

Türkiyə ilə yanaşı, Tailand, Misir və Maldiv adaları kimi istiqamətlər rusiyalı turistlər arasında populyar olaraq qalır. Tailand və Misir bu il rus turist axınında 20 faiz artım müşahidə edib, Maldiv adaları isə lüks tətil axtaranlar üçün üçüncü yerdədir. Bununla belə, Maldiv adalarında tətil xərcləri kifayət qədər yüksəkdir. Hətta yay mövsümündə qiymətlər 400-500 min rubldan başlayır və qışda 1 milyon rublu keçə bilər.

Ekspertlər bildirirlər ki, xarici tətil qiymətləri artsa da, rusiyalı turistlər bu vəziyyəti qəbul ediblər. Türkiyə hələ də yay tətili üçün xaricdə ən populyar ölkə kimi seçilir və avqustda otellərdə yer tapmaq hələ də çətindir. Bundan əlavə, bəzi Avropa istiqamətləri yenidən populyarlıq qazanmağa başlayıb, lakin vizaların rəsmiləşdirilməsi və uçuş çətinlikləri Avropaya turist axınını məhdudlaşdırır.