Yəhudilərə görə, Məsihin gəlməsinə az qalır

10:15 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dindar yəhudilər son illər “axır zaman” və “Məsihin gəlişi” ilə bağlı bir çox əlamətlərin gerçəkləşdiyi qənaətindədirlər.

Hafta.az-ın yazdığına görə, yəhudilərin müqəddəs kitablarında yazılan işarələrin bir çoxunun son illərdə gerçəkləşdiyi iddia edilir. Sözügedən əlamətlərdən üçü “Jerusalem Post” qəzetində dərc olunan xəbərdə qeyd edilib.

Bunlardan birincisi, yəhudi inancına görə, İsraildə 2 min ildən sonra ilk dəfə tamamilə qırmızı və “ləkəsiz” bir buzov doğulmasıdır. 2017-ci ildə doğulduğu iddia edilən buzovun qurban kəsilməsi yəhudilərin müqəddəs saydığı Qüdsdə “Üçüncü məbəd”in inşasına işarə kimi qiymətləndirilir. Məbədin tikilməsindən sonra Məsihin zühur edəcəyi güman edilir.

Yəhudilərin ikinci əlaməti Ölü dənizdə həyatın yaranmağa başlamasıdır. Tərkibində həddindən artıq duz olduğuna görə həyatın olmadığı Ölü dənizin dərinliklərində son illər həyat formaları görünməyə başlayıb. Göldə canlı formaları 2011-ci ildə aşkar edilib. Bildirilib ki, son illər Ölü dənizdə balıqlar peyda olmağa başlayıb. Yəhudi inancına görə, "axır zamanda" Ölü dənizdə həyat yaranacaq.

Üçüncü əlamət, yəhudilərin “Ağlama divarı” adlandırdıqları Buraq divarından çıxan ilandır. Bu hadisə də 2018-ci ildə baş verib. Yəhudilər dua edərkən divarın içindən görünən ilan bölgədəki yəhudiləri qorxuya salıb.

Dindar yəhudilər bütün bu əlamətlərin “axır zaman”ın gəlişinə və “Məsihin zühuruna” işarə etdiyi qənaətindədirlər.