Yeni aldığı evin divarlarından ilanlar çıxdı

13:35 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kolorado ştatında yeni ev alan Amber Hall iti sayəsində divarda ilan tapıldığını öyrənib.

Hafta.az-ın “Denver 7”yə istinadən yazdığına görə, 42 yaşlı qadın iki gün əvvəl bildirib ki, ilk ilanı 10 gün əvvəl tapıblar.

Hall, itlərindən birinin evin qarajında ​​ilanla qarşılaşdığını belə izah edib: “Düşündüm ki, hörümçək filan olar. İki kiçik deşik vardı. Bu vaxt divara dırmanan ilanları görüb təşvişə düşdüm”.

Hall divarda yuva quran arzuolunmaz qonaqları "təəccüblü dərəcədə böyük" adlandırıb: “Hər kəs bunların bir növ garter ilanları olduğunu deyir. Ancaq çoxları bildirir ki, belə böyük garter ilan olmur. Garter ilanları zəhərli olmasa da, insanları dişləyə bilər. Bu ilanlar bəzən allergik reaksiyaya səbəb ola bilir”.

İlk evini almaq üçün uzun müddətdir pul yığdığını qeyd edən Hall çox üzgün olduğunu bildirib. Hall ilanların qorxusundan tualetdən belə istifadə etməyə çəkindiklərini bildirib.

Hall heyvanları evdən çıxarmaq üçün ilan mütəxəssisi çağırıb. Evə baxış keçirən mütəxəssisin fikrincə, ilanlardan bəziləri çox güman ki, ən azı iki ildir bu evdə yaşayır.

Hall, evdə ilanların olduğundan şübhələndiyini desə də, evi satan daşınmaz əmlak şirkətinin nümayəndəsi vəziyyətdən xəbərsiz olduqlarını iddia edib.