44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılıb. Tamamilə dağıdılmış rayon və şəhərlərimiz yeni idarəçilik əsasında qurulur.
Belə ki, işğaldan azad olunmuş bir neçə ərazidə, artıq Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərirlər. Bu yaxınlarda ölkə başçısı daha bir rayona – Zəngilana özünün xüsusi nümayəndəsini təyin edib. Mayın əvvəlində isə Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verib. Prezident azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik təsisatının simasında yeni idarəçilik modelinin sınaqdan keçirildiyini və digər ərazilərdə bunun tətbiq olunacağını bildirib: “Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”.
Yeni idarəetmə sistemindən gözləntilər nələrdir və proses necə həyata keçirilməlidir? Xüsusi nümayəndə institutunun bütün ölkə üzrə tətbiqi nə qədər vaxt apara bilər?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikrincə, bütün sahələrdə olduğu kimi, idarəetmə strukturlarında da islahatın həyata keçirilməsi zamanın tələbidir. Komitə sədri bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib:
“Cənab Prezidentin həyata keçirdiyi islahatlar öz nəticələrini verməkdədir. Bu islahatlar bilavasitə ölkənin sosial-iqtisadi, mədəni həyatına özünün güclü təsirlərini göstərib. Əldə olunan nəticələr bunu bir daha sübut edir. İqtisadi sahədə həyata keçirilən islahatları biz ölkənin iqtisadi qüdrətinin yüksəlişində, 44 günlük müharibə dövründə qazandığımız qələbədə, ordu quruculuğunun möhkəmlənməsində, eləcə də Azərbaycan xalqının birliyində bir daha gördük. Əgər ölkədə düşünülmüş iqtisadi siyasət yeridilməsəydi, sözsüz ki, biz müharibədə parlaq qələbə qazana bilməzdik. Əlbəttə ki, bütün sahələrdə islahatların aparılması zəruridir. Bunu dövr, zaman tələb edir. Bu islahatların aparılması bilavasitə inkişafımıza xidmət edir. İdarəetmə strukturlarında da islahatların həyata keçirilməsi qaçılmazdır. Bir çox nazirliklərin regional idarələrinin yaradılması deməyə əsas verir ki, icra orqanlarında islahatlar aparılacaq. Cənab Prezident bu günlərdə Zəngilan rayonuna xüsusi nümayəndəsini təyin etdiyi zaman çıxışında bu anons bir daha verildi. Ölkə rəhbəri bildirdi ki, Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir, mütləq idarəetmə orqanlarında işlər təkmilləşdirilməlidir. İnsanlar bunu görmür. Əlbəttə, bu, ciddi prosesdir və birdən-birə icra hakimiyyəti orqanlarını ləğv etmək müəyyən problemlərə səbəb ola bilər. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti zəmanət verir ki, bu məsələlər sistemli şəkildə həyata keçiriləcək. Ola bilsin ki, müəyyən formalar seçilsin, müəyyən prinsiplər əldə rəhbər tutulsun. İlkin nəticələr göstərir ki, icra orqanlarında islahatlar aparılacaqdır. Bu, bilavasitə ölkənin iqtisadi, sosial qüdrətinin yüksəldilməsinə, həm də idarəetmənin təkmilləşdirilməsinə istiqamətləndirilib. Bu gün ölkədə icra orqanları çox vacib qurumdur və son illər cənab Prezidentin tapşırığı ilə icra orqanlarının gördükləri işlərin, həyata keçirdikləri tədbirlərin miqyası çox böyükdür”.
T. Rzayev qeyd edir ki, rayon icra hakimiyyətləri bölgələrin sosial-mədəni həyatının idarə olunmasında, insanların tələb və istəklərinin həyata keçirilməsində, mövcud problemlərin aradan qaldırılmasında və müəyyən məsələlərin yuxarı orqanlara çatdırılmasında böyük rola malikdir: “Bunun nəticəsində regionlarda sosial iqtisadi inkişaf təmin olunur. Ölkə rəhbəri də xatırlatdı ki, islahatların həyata keçirilməsi qaçılmazdır. Ona görə, gələcəkdə bu sahədə addımların atılacağı istisna edilmir. Bu məsələlərin həlli cənab Prezidentdən asılıdır. Əgər ölkə rəhbəri icra strukturlarında təkmilləşmənin, idarəetmənin yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri faydalı hesab edəcəksə, bu istiqamətdə tədbirlər davam etdiriləcək”.