Yeni məktəbli formaları - Müzakirə

11:44 31.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, yeni tədris ilindən etibarən şagirdlərin ümumi təhsil müəssisələrinə məktəbli formasından fərqli geyimdə getməyinə icazə verilməyəcək. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarına görə, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Beləliklə, məktəblər 1 tədris ili ərzində yeni geyim formalarına tədricən keçəcək.

Məktəbli formaları hazırlanan zaman daha çox nələrə diqqət edilməlidir? Yeni məktəbli formalarına keçid insanların sosial büdcəsinə necə təsir göstərəcək? Bəzi təhsil müəssisələrinin öz forması olduğunu nəzərə alsaq, vahid məktəbli geyiminə keçid bütün məktəblərə şamil olunacaqmı?

Məsələ ilə bağlı hafta.az-a məlumat verən təhsil eksperti Elçin Əfəndi söylədi ki, yeni tikiləcək formaların üçillik olması valideynlər üçün də maddi baxımdan yaxşı haldır:

“Bilirsiniz ki, hər il məktəbli formalarının yenilənməsi ilə bağlı qərarlar verilir. Formaların üç ildən bir dəyişilməsi öz təsdiqini tapdı. Ümumilikdə nəzər salsaq, qərarı müsbət qiymətləndirə bilərik. Əvvəllər məktəblilər üçün fərqli üslublarda paltarlar hazırlanırdı. Yeni məktəbli forması qaydalarına baxsaq, burada qızlar üçün həm ətək, həm də şalvar geyinə bilmək imkanı tanınır. Formaların üçillik olması valideynlər üçün maddi baxımdan yaxşı haldır”.

Ekspert onu da bildirdi ki, hazırda formalarla bağlı qabardılan bir məsələ də qızların hicab bağlamasıdır:

“Bizdə din dövlətdən ayrıdır. Hər kəsin isə seçim azadlığı var. Məktəbli formasını geyinib hicab bağlaya bilər.

Yeni formaya keçid qərarının liseylərə şamil olunub-olunmaması məsələsinə gəldikdə,  E.Əfəndi hesab edir ki, vahid məktəbli forması sırf dövlət məktəblərinə aiddir:

“Vahid geyim forması məsələsində liseylərin öz qayda-qanunları var. Onlar Nazirlər Kabinetinin qərarına məhəl qoymaya da bilər. Özlərinin nizamnamələri var, Təhsil Nazirliyinin tabeliyində, sadəcə, lisenziya üçün qalırlar. Fikrimcə, liseylər formalarını qüvvədə saxlayacaq. Onların əksəriyyəti özəl təhsil müəssisəsidir. Dövlət liseyləri vahid formaya keçid edə bilər”.

Elçin Əfəndi “Yeni məktəbli fomalarını nə cür görmək istəyərsiniz?” sualına belə cavab verdi: “Yaxşı olardı ki, qiymətlər hamı üçün əlçatan olsun. Mənim fikrimcə, məktəblilər üçün forma məsələsini sərbəst buraxmaq lazımdır. Ölkəmizdə bu dəstləri almağa yetməyəcək qədər maddi vəziyyəti aşağı olan ailələr var. Məsələn, bir nəfər övladını məktəb geyimi ilə təmin etmək üçün 20-30 manat xərc çəkməyi düşünürsə, formalara qoyulan qiymət buna imkan verməyəcək. Bilirsiniz ki, vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Dövlət müəssisələrində sərbəst geyimə üstünlük verilməsi, fikrimcə, daha məqsədəuyğundur. Əgər dövlət tərəfindən belə bir qərar verilirsə, əhalinin maddi vəziyyəti də nəzərə alınmalı, formaların qiyməti baha olmamalıdır. Burada təhsilin əlçatanlılığı ilə paralel formaların da cibə uyğun olmağı əsas şərtlərdəndir. Yaxşı olardı, məktəbli formalarının üzərində milli ornamentlər əks etdirilsin. Eyni zamanda, paltarlarda "çəkicilik xüsusiyyəti" çox olmamalıdır”.

Növbəti müsahibimiz – iqtisad məsələləri üzrə ekspert Fuad İbrahimov yeni məktəbli formalarına keçidlə bağlı əhalinin maddi olaraq yüklənə biləcəyini söyləyib, narahatlığını ifadə etdi:

“Yeni məktəbli formalarına ani keçid aztəminatlı ailələrə mənfi təsir göstərəcək. Nəyə görə köhnə formalar ləğv edilməlidir, başa düşə bilmirəm. Təhsil ocaqlarında yaxşı olardı ki, daha çox təhsil düşünülsün. İqtisadçı kimi deyə bilərəm ki, əhalinin gəlirlərinin azaldığı və xərclərinin artdığı dövrdə belə yeniliyə getmək olmaz. Gedildiyi halda belə, bu, məcburi olmamalıdır. Təhsil Nazirliyi belə siyasət yürüdürsə, bu zaman yaxşı olardı ki, əvvəllər olduğu kimi, məktəbləri formalarla təmin etsinlər. İndi havalar soyuq keçdiyindən, ailələr kommunal xərcləri verməkdə belə çətinlik çəkirlər. Həm ərzaq məhsullarının qiyməti, həm də digər xərclər artıb. Yenidən əhalini əlavə xərclə yükləmək indiki vəziyyətdə müsbət hal deyil”.

Yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib. Bu barədə hafta.az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır. "Yeni məktəbli formasının nümunələri təsdiq olunub. Lakin qiymətlər məktəblərin seçimindən asılı olacaq. Məktəb hansı rəngdə, hansı parça növündən istəsə, qiymətlər ona uyğun müəyyən olunacaq", - deyə o əlavə edib.