Yerli brendlərimiz qlobal elektron ticarət platformalarında

10:59 16.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan məhsullarının dünyanın ən böyük elektron ticarət platforması olan “Alibaba”da satışı gerçəkləşə bilər. Qeyd edək ki, bununla bağlı məsələ iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı müzakirə olunub. İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.  “Alibaba” şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub. Azərbaycan nümayəndə heyəti, həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, “Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub.

Xatırladaq ki, “alibaba.com” 190-dan çox ölkədən təchizatçı və alıcılara xidmət göstərən aparıcı qlobal topdansatış bazarlarından biridir. “Alibaba” ilk olaraq 1999-cu ildə Çin istehsalçılarını xaricdəki alıcılarla əlaqələndirmək üçün B2B e-ticarət portalı kimi yaradılıb. 2003-cü ildə xidmət “C2C” e-ticarət bazarı olan “Taobao” və 2008-ci ildə brendlərə və onlayn pərakəndə satışa yönəlmiş “B2C” onlayn ticarət platforması olan “Tmall”ı almaqla genişlənib. Rəqəmsal təklifləri tamamlamaq üçün qrup alışı və flaş satış veb saytı “Juhuasuan” 2010-cu ildə istifadəyə verilib.

31 mart 2023-cü il tarixində başa çatan maliyyə ili üçün “Alibaba Group”, təqribən, 868,69 milyard yuan həcmində konsolidə olunmuş gəlir açıqlayıb. Bu, təxminən, 126,49 milyard ABŞ dolları deməkdir. Ümumilikdə, “Alibaba Group”un gəlirinin ən böyük hissəsi Çindəki ticarətdən əldə edilir, çünki şirkət məlumatları 2023-cü ildə seqment üzrə 582,73 milyard yuan gəlir göstərir. Həmin il Çində pərakəndə elektron ticarət şirkətin gəlirinin 65 faizini təşkil edib. Beynəlxalq pərakəndə ticarətin illik gəliri 49,9 milyard yuan olub. Həmin il “Alibaba Qrupu”nun xalis mənfəəti əvvəlki ildəki 47 milyard yuana qarşı 65,57 milyard yuan olub.

“Alibaba”nın Çin pərakəndə satış bazarlarında hər il, təxminən, 903 milyard aktiv alıcısı qeydə alınır. COVİD-19 pandemiyası “Alibaba”ya ciddi uğur gətirib. Mart minimumundan 2020-ci ilin oktyabrına qədər onun səhmləri 90 faiz bahalaşıb. 2020-ci ilin oktyabr-dekabr ayları arasında şirkətin gəliri 2019-cu ilin son rübündən 37 faiz artaraq, təxminən, 33,9 milyard dollara çatıb. “Alibaba Group”un xalis mənfəəti il ərzində 1,5 dəfə artaraq 2020-ci ildə 12,17 milyard dollar təşkil edib. 2020-ci ilin nəticələrinə görə saytın aktiv istifadəçilərinin sayı 779 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 22 milyon nəfər çoxdur. Mobil aktiv istifadəçilərin aylıq auditoriyası 824 milyon nəfərdən 902 milyon nəfərə yüksəlib.

Yeri gəlmişkən, 2022-ci ilin əvvəlindən Azərbaycanda istehsal olunan “Made in Azerbaijan” brendi məhsulları “azexport.az” portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim edilir. İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub. Bu platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcuddur. Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsullar bu portallara inteqrasiyası edilir. Gələcəkdə “Amazon” və “eBay”da Azərbaycan məhsullarının çeşidinin artırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı alim Əli Əlirzayev hesab edir ki, “Made in Azerbaijan” brendi adı altında dünyanın ən məşhur elektron ticarət portallarında Azərbaycan məhsullarının satılması çox əhəmiyyətli bir addımdır: “Bu, Azərbaycanın xarici ticarəti, xüsusilə qeyri-neft ixracatı, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına dəstəyi baxımdan çox əhəmiyyətli olacaq. Biz, sadəcə, neft məhsulları ilə deyil, digər məhsullarla da dünya bazarına çıxmalıyıq. Bu imkandan istifadə edərək Azərbaycan vətəndaşları gəlirlərini artıra, məhsullarını tanıda bilərlər. Burada təkcə ticarət deyil, ölkənin mədəniyyəti və incəsənəti, tarixi də tanınır. Təbii ki, bu cür qlobal şirkətlər bütün dünya üzrə ticarət əməliyyatları həyata keçirir və çox geniş müştəri xidmət portfelləri var. Bir anda Azərbaycan brendləri bu bazarda geniş təbliğ olunacaq. Burada ölkələrin təchizat zənciri – daşınma, karqo şirkətləri çox operativ olmalıdır. Belə qlobal ticarət şirkətlərində operativlik çox əhəmiyyətlidir. Pulköçürmələri sistemi əhəmiyyətli dərəcədə operativ olmalıdır. Azərbaycanın bank sistemi bu mənada demək olar ki, qənaətbəxşdir. Dünyanın bu sahədə qabaqcıl ölkələri ilə bank ticarət əməliyyatları sisteminin çox ciddi bir fərqliliyi yoxdur, amma poçt və karqo xidmətləri ilə əlaqəli müəyyən islahatlara ehtiyac var”.