Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias səfirlik müddətinin başa çatması ilə əlaqədar energetika naziri Pərviz Şahbazovla görüş keçirib.
Hafta.az-ın yazdığına görə, bu barədə facebook səhifəsində məlumat paylaşan yunanıstanlı diplomat qeyd edib ki, görüş zamanı iki ölkə arasında energetika sahəsində mükəmməl əməkdaşlığı və bu sahədə inkişaf perspektivləri müzakirə olunub.

“Bu kontekstdə cənab Şahbazova dünən baş tutan Komotini Təbii Qaz Sıxma Zavodunun açılışı, eləcə də Afinada keçiriləcək Atlantik Enerji Əməkdaşlığının (P-TEC) qarşıdan gələn iclası barədə məlumat vermək imkanım oldu. Hər iki inkişaf Yunanıstanın Cənub-Şərqi Avropada enerji mərkəzi kimi kritik rolunu təsdiqləyir. Nəhayət, cənab Şahbazovun həmsədri olduğu Yunanıstan-Azərbaycan Birgə Hökumətlərarası Komitə ilə bağlı məsələləri də müzakirə etdik”, - deyib səfir Kapodistrias.