"Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaviti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib".
Hafta.az-ın yazdığına görə, bu sözlər itkin düşən şəxsin ailəsinin Hafta.az-a ünvanladığı müraciətdə deyilir. Bildirilir ki, onlar polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərsələr də, Manikanthla bağlı heç bir məlumat əldə edə bilməyiblər.
"Keçən günlərin və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 200 min manat pul mükafatı verəcəyimizi bildirmək istəyirik. Biz axtarış ərazisinin Zaqataladakı meşə sahəsindən bütün Azərbaycana genişləndirilməsini xahiş edirik", - müraciətdə qeyd olunur.
Qaydalar və Şərtlər:
1) Mükafat yekun məbləğdir və ən qısa zamanda itkin gənci tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2) İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3) Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5) İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6) Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.
Manikantın anasının müraciəti: "Biz, oğlum Manikanthı sağ-salamat tapan azərbaycanlıya pul mükafatı verəcəyik. Mən, Azərbaycan xalqına müraciət edərək demək istəyirəm ki, Manikanth Azərbaycana səmimi şəkildə dəvət olundu və o, hamıdan çox razı idi və hər kəsə hörmətlə yanaşırdı. Hamı onunla dostcasına və mehriban idi, o da hər kəslə dost idi və böyüklərə hörmətlə yanaşırdı. O, yaşlılara kömək edirdi, yaşlılar da öz növbəsində ona yaxşı mənada köməklik göstərirdilər. Manikanth şahmat, ingilis və fransız dillərini öyrədə bilər. Manikanth, evə tezliklə qayıtmağa çalış".
İtkinin anası daha sonra müraciətində qeyd edir: "Azərbaycanlılar istəyəndə o, yenə gələcək və xeyriyyəçi yollarla kömək göstərəcək. Kim Manikanthı tapsa, telefon əlaqələrini valideynlərinə versin. Onun telefonu işləmir, zəhmət olmasa, telefonla bağlı ona köməklik edin. Manikantın Azərbaycandakı yaxşı dostlarından hansısa biri turistik yerləri görmək üçün ölkəmizə dəvət oluna bilər. Manikantha köməklik göstərən istənilən ailə və ya ailələr üçün ölkəmiz açıqdır və buradakı turistik yerləri görmək üçün dəvət olunacaqlar. Bu çağırışı oxuyan və onun ölkəmizə geri qayıtmasına kömək göstərəcək Azərbaycan xalqına təşəkkür edirəm. Son olaraq, Azərbaycan hökumətindən və bütün əlaqədar orqanlardan Manikanthın tapılmasına köməklik göstərmələrini xahiş edirəm".
Müraciət "Biz, sizin ölkənizə hörmətlə yanaşırıq" sözləri ilə tamamlanır.