Zelenskilər haqqında BİLMƏDİKLƏRİMİZ - DANIŞAN FOTOLAR

10:25 02.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Rusiya prezidenti Vladimir Putinin anası ilə bağlı dünya mətbuatının gündəmində olan müəmmadan bəhs etmişdim. İddia budur ki, Putin doğma anasının kimliyini rus ictimaiyyətindən gizlədir. Bu gün isə hazırda müharibə tərəfi olan Ukrayna prezidenti Vladimir Zelenskinin valideynləri haqda məlumat vermək idtədim. Təsadüfə baxın: hər iki prezidentin adı Vladimirdir. Amma sevindirici haldır ki, Zelenski soyadlının nə özünün, nə də valideynlərinin həyatında ictimaiyyəti narahat edən məqamlar yoxdur.

Qeyd edək ki, Vladimir Zelenskinin valideynləri uzun illərdir ki, Krivoy Roqda yaşayırlar. Vladimirin atası, 75 yaşlı Aleksandr Semenoviç Zelenski (23 dekabr 1947-ci il), anası isə 72 yaşlı Rimma Vladimirovnadır (16 sentyabr 1950-ci il).

Vladimirin atası nəinki Krivoy Roqda, bütün Ukrayna və Rusiyada – MDB məkanında tanınmış professor, texnika elmləri doktorudur. O, 1995-ci ildən – Krivoy Roq İqtisadiyyat İnstitutunun informatika və tətbiqi proqram təminatı kafedrasının müdiri vəzifəsində çalışır. Çox sayda elmi məqalə və nəşrlərin müəllifidir (140 məqalə və 4 monoqrafiya). Onun yetişdirdiyi tələbələrin bir çoxu indi elmlər namizədi və hətta elmlər doktoru, hətta xarici ölkələrdə böyük uğurlar qazanan alimlərdir.

Zelenskinin anası Rimma Vladimirovna isə ixtisasca mühəndisdir. Elə Vladimirin atası Aleksandrla məhz Krivoy Roqda institut illərindən tanış olublar və evləniblər. Zimma ailə qurduqdan sonra da xeyli müddət ixtisası üzrə çalışıb, amma sonradan səhhətində yaranmış narahatlıqla bağlı işindən ayrılıb.

Prezident Zelenski bir dəfə anası ilə bağlı belə deyirdi: “Anam Zimma Vladimirovna həyatının 40 ilini mühəndis peşəsinə həsr edib. Amma Monqolustanda yaşadığı illərdə xəstələndi və sonradan səhhətində fəsadlar yaranmağa başladı. Ona görə də, işindən ayrıldı və bu gün cavanlığında çəkdiyi əziyyətin bəhrəsi olaraq 1600 qrivna təqaüd alır...".

Oğlu prezident olan valideynlər uzun illərdir Krivoy Roqun mərkəzində yerləşə panel binadakı dörd otaqlı mənzildə yaşayırlar. Şahidlər bildirir ki, bu günün özündə də, onlara yolu düşən hər kəs isbatlaya bilər ki, Zelenskinin valideynləri yaşayan ev adi təmirli, içində heç bir qiymətli mebel və aksusearları olmayan sadə bir mənzildir. Yəni onların evi qonşuların evindən heç nəyinə görə fərqlənmir. Hətta arxitektura baxımından kiçik otaqları olan bu mənzili Zelenskilər zarafatla “qarışqa yuvası” adlandırırlar.

Hə, bu arada, ailənin şəhərin ətrafında başqa bir balaca evi də varmış. Vladimir kiçik olanda orda qalırlarmış və hətta, gələcəyin prezidenti uşaq bağçasına və orta məktəbə də həmin evdən gedib...

İllər ötür, bir gün Aleksandr Zelenskini elmi işi ilə bağlı Monqolustana göndərirlər. Ailə Monqolustanın ikinci böyük şəhəri və ən iri sənaye mərkəzi sayılan Erdenetdə məskunlaşırlar. Əlbəttə, valideynlər Vladimiri də özləri ilə aparırlar. Hətta Vladimir Erdenetdə məktəbə gedir. Amma dörd illik fəaliyyətdən sonra onlar vətənə - Ukraynaya qayıdırlar. Bəlkə bir az da qala bilərdilər, amma yuxarıda da qeyd etdiyim kimi, yerli sərt iqlim şəraitində Rimmanın səhhətində problem yaranır deyə, qayıtmalı olurlar.

İllər ötür, Vladimir böyüyür, Kiyevdə Universitetində iqtisadiyyat üzrə ali təhsil alır. Daha sonra Yelena adlı sarışın qızla ailə qurur və cütlüyün biri qız (Aleksandra – 2005-ci il), digəri oğlan (Kirill – 2013-cü il) olmaqla iki övladı dünyaya gəlir. Vladimir dəfələrlə valideynlərina təklif edir ki, paytaxt Kiyevə köçsünlər. Amma onlar razılaşmır. Ona görə ki, Aleksandr universitetdə işləyir və kafedradan ayrılmaq istəmir. Odur ki, Vladimir və Yelena cütlüyü, hətta Yelenanın valideynləri Kiyevə köçürlər.

Amma Vladimir ata-anasını çox sevir, Kiyevdə qaldığı vaxt onlar üçün darıxır. "Kiyevə gedən gündən hər gün israrla deyir köçün paytaxta. Vova deyir ki, (valideynlər Vladimiri körpəliyindən Vova deyə çağırarlar – V.T.) ay ana, gəlsəydiniz Kiyevə daha yaxın olardıq bir-birimizə, hər gün görərdim sizi. Mən də oğluma yaxın olmaq istəyirəm, amma nə edim, yoldaşım Krivoy Roqdan getmir – kafedrasına elə bağlıdır ki, ordan ayrılmaq barədə düşünə bilmir. Əslində haqlıdır, hamı onu sevir, hörmət edir. Düşünürəm ki, Aleksandr Semenoviç işini bitirdikdən sonra köçəcəyik – nənə və baba olaraq nəvələrimizə nəvaziş göstərəcəyik. Hə, bu arada, Vova bizə hər gün mütləq zəng edir, danışırıq", - Rimma Vladimirovna mətbuata müsahibəsində deyib.

Yeri gəlmişkən, prezident Zelenski də nə vaxtsa müsahibələrindən birində demişdi ki, valideynləri qanunsevər, ədalətli insanlardır və heç vaxt haqsızlığa yol verməyiblər. “Başqaları tapşırıqla məktəb oxuyanda, işə düzələndə, atam ölkəyə yayılmış nüfuzundan istifadə edərək heç vaxt məni tapşırmadı. Mən buna görə nəinki onlardan incimirəm, əksinə, onları daha da sevirəm. Onlar mənim üçün böyük, önəmli insanlardır... Onlar mənə fundamental bir şey verdilər - tərbiyə, dünyagörüşü, yalandan uzaq olmağı”, - Zelenski valideynləri haqda demişdi.

Amma Vladimir Zelenski gülərək və təbii ki, zarafatla atasından yeganə iki şeyə görə incidiyini dilə gətirmişdi. O deyirdi ki, birincisi, incəsənətdə olarkən, atası onun parodiyalarının çoxunu bəyənmirmiş. Hə, bir də, övlad olaraq valideynlərinə nəsə almaq, onlar üçün nəsə etmək istədikdə, qəbul eləmirlərmiş ki, ehtiyac yoxdur, hər şeyləri var və sair...

Yeri gəlmişkən, O.Taranuşenkonun qələmə aldığı “Hadisələrin ətrafında” kitabında baba-nənədən tutmuş üzübəri prezident nəvəyədək, bütün Zelenskilər haqqında geniş məlumat verilir...