“Aşura xalqımızın yaddaşına hüzn kimi həkk olunub və Kərbala şəhidləri, başda imam Hüseyn (ə) yad olunur. Bu günlərdə ən çox diqqət edilməli olan məsələ bu hadisənin mahiyyətinin düzgün anladılmasıdır. Aşura gününü insanlığı, şəhidliyi, haqq və ədalət naminə mübarizə kimi dəyərləndirməklə, insanlarda maarifləndirmə işləri aparılmalıdır”.
Bunu hafta.az-a ilahiyyatçı alim Atif İsmayılov Aşura günü ilə bağlı açıqlamasında bildirib. O, öncə bütün müsəlmanlara, o cümlədən Azərbaycan xalqına baş sağlığı verib, eyni zamanda şəhidlik zirvəsinə qalxan bütün şəhidlərimizi anaraq onların ailələrinə dərin hüzünlə baş sağlığı, torpaqlarımızın ərazi bütövlüyü təmin edən bütün qazilərimizə şəfa diləyib.
A.İsmayılov bildirib ki, günün mahiyyətini düzgün dərk etmək özünü zəncirlə vurmaqla qan tökmək deyil, qanvermə aksiyasında iştirak etməklə savab qazanılacağını insanlara təbliğ etmək lazımdır. Onun szölərinə görə, bu kimi xeyir işlərə kölgə salan bütün digər işlər məqsədə uyğun deyil.
“Zəncir vurmaqla qan tökməyin bu hadisənin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Amma xalqımız bu hadisəni hüznlə bərabər, sinə vurub, mərsiyələr deməklə də qeyd edib. Bu əsrlər boyu yaddaşlarımızda belə həkk olunub”.