Zəngəzur və Laçın dəhlizlərini eyniləşdirmək yolverilməzdir - Elçin Alıoğlu

13:04 07.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Politoloq, milli.az saytının baş redaktoru Elçin Alıoğlu Hafta.az-a müsahibəsində  ötən həftənin bir sıra mühüm olayları, o cümlədən Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi,  Putinlə Makron arasındakı telefon danışığında Qarabağ məsələsi,  Zəngəzur dəhlizinin açılması və s. haqda danışıb.  Laçın dəhlizinin və Yuxarı Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsinin  gələcək taleyi barədə proqnozlarını verib. 

- Elçin bəy,  ötən həftənin sonunda diqqətçəkən siyasi olaylardan biri də iyulun 2-də Rusiya Prezidenti Vladimir Putinlə fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı oldu. Rusiya Prezidenti hərbi əməliyyatlardan əziyyət çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların, xüsusilə də Fransanın daha sıx iştirakının zəruri olduğunu vurğulayıb. Eyni zamanda, prezidentlər ATƏT-in Minsk qrupunun səyləri də daxil, münaqişələrin tənzimlənməsinin müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını ifadə etdilər... Bu, faktiki olaraq  44 günlük savaşboyu ermənipərəst mövqeyini açıq-aşkar nümayiş etdirmiş Fransanın Putin tərəfindən Qarabağdakı ermənilərə həm maliyyə, həm də birbaşa ərzaq, geyim və s. yardım etməsinə dəvət anlamına gəlir. Sizcə, Rusiya  və Fransa liderlərinin son telefon danışığının Qarabağla bağlı hissəsinin açması nədir?

- Məlumdur ki, hazırda 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanat qüvvədədir və bu sənədi kimsə dəyişməyib. Həmin sənəd imzalanandan sonra Cənubi Qafqaz bölgəsində faktiki olaraq iki aktiv oyunçu var: biri Rusiya, digəri Türkiyədir. Rusiya Fransa ilə bahəm ATƏT-in həmsədr ölkələrindən biri olduğuna görə, təbii ki,  Putin Makronu bu prosesə müəyyən mənada hər hansı formada cəlb etmək niyyətindədir. Düşünmürəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti əvvəlki formatda, yəni ABŞ-Rusiya-Fransa formatında bərpa olunsun. Əslində, Rusiyanın özü də bunda maraqlı deyil. Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsində Rusiya vasitəçi və moderator rolunu oynayır və həmin rolu heç vaxt könüllü olaraq Fransaya verən deyil.

Eyni zamanda, Putinlə Makron arasındakı danışıqlar Cənubi Qafqazda Türkiyənin güclənməsinə imkan verməmək məqsədi güdür. Bunun üçün də bəlli addımlar atılır və bundan sonra da atılacaq.  Rusiya geosiyasi olaraq  Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Tam əksinə,  bu, regionda təsir rıçaqlarının və hadisələrə bütün müdaxilə imkanlarının çeşidini və məzmununu daha da artırmaq və gücləndirmək niyyətindədir. Məhz bu səbəbdən, Putin tərəfindən Makrona edilən təklif  ilk baxışdan ekspozitiv təsir bağışlasa da, əslində çox ciddi məqamlardan xəbər verir...

- Tutaq ki, Fransanın humanitar yardım karvanı Ermənistandan Azərbaycanın rəsmən nəzarət edə bilmədiyi Laçın dəhlizinə yaxınlaşır və Rusiya hərbçiləri onu buraxır. Azərbaycan Dövlətinin buna reaksiyası necə olacaq?

- Əvvəla, rəsmi Paris bundan sonra Qarabağ məsələsinə hər hansı bir formada siyasi müdaxilə edə bilməz. Vətən müharibəsi günlərində Fransa hakimiyyəti, o cümlədən icraedici və qanunverci hakimiyyət Qarabağ münaqişəsi ilə bağlı mövqelərini açıq şəkildə nümayiş etdirdi. Bəlli oldu ki, bu, aşkar  ermənipərəst mövqedir. Azərbaycan heç  vaxt imkan verməyəcək ki, Fransa bundan sonra da qərəzli, subyektiv və tərəfli mövqeyi ilə bu münaqişənin hər hansı formada nizamlanmasında əvvəlki kimi iştirak etsin.  Fransa artıq tərəf tutub və subyektiv, qərəzli olduğunu isbatlayıb. Bu, öz yerində... İkincisi,  Fransa istədiyi qədər ermənilərə humanitar yardım edə bilər. Bu ölkə Qarabağdakı ermənilərə ərzaqdolu,  hətta bir yox, 100 ağırtonnajlı maşın göndərə bilər. Bu, heç nəyi dəyişməyəcək və dəyişə də bilməz. Sadəcə, Fransanın tərəf tutmaqda məqsədi bəllidir. Fransa Prezidenti Makron son praymerizlərdə uduzub və o, Fransada yaşayan 513 min erməninin  səsini almaqda maraqlıdır. Məhz bu səbəbdən, Makron aşkar ermənipərəst siyasət yürüdür və ermənilərdən daxili siyasətdə bir vasitə, marionet, bir kukla kimi istifadə edir. Yəni Fransanın və konkret  Emmanuel Makronun heç vaxt Ermənistana sevgisi olmayıb. Sadəcə, ermənilər həmişə, tarixboyu olduğu kimi, alət olaraq istifadə edilir, onlara vədlər verirlər və sonra da aldadırlar. Şübhə yoxdur ki, bu dəfə də Fransa Ermənistanı aldadacaq.  Dünyadakı  böyük güclərin hər biri geosiyasi anlamda bu və ya digər məqamlardan  yararlanaraq öz maraqlarını təmin edirlər. Çin iqtisadi gücdən istifadə edir, ABŞ demokratiya  adı ilə, pərdəsi ilə dünyanın müxtəlif ölkələrində öz maraqlarını təmin edir. Fransa isə  mədəniyyət ekspansiyası adı altında Afrikada, Cənubi Amerikada, Yaxın Şərqdə  geosiyasi istilalarını həyata keçirmək niyyətindədir. O cümlədən də Cənubi Qafqazda... Bu ölkə frankofoniya çərçivəsində Ermənistanda da fəal işləməyə çalışır. Yəni Fransanın məqsədi Qafqazda möhkəmlənmək, bu regiondan siyasi, hərbi, iqtisadi və digər dividendlər əldə etməkdir...

Odur ki,  Laçın dəhlizindən humanitar yardım karvanının buraxılmasında qeyri-adi və anormal  heç nə yoxdur. Dediyim kimi, fransızlar istədikləri  qədər  humanitar yardım daşısınlar.  10 Noyabr razılaşmasına görə, Rusiya sülhməramlıları Laçın dəhlizinə tam nəzarət etməlidirlər. Bu, nə deməkdir? Əgər Fransanın həmin humanitar yardım adı altında Qarabağ ermənilərinə silah-sursat, yaxud hərbi ammunisiya, hərbi geyimlər, zirehli gödəkcələr, dəbilqələr və s. göndərməsi aşkarlanrsa,  o yardımlar mütləq və dərhal dayandırılacaq və geri qaytarılacaq. Ən yaxşı halda belə olacaq. Hazırda Rusiya sülhməramlıları Laçın dəhlizində  hərbçilərin, hərbi geyimdə olan adamların, xüsusilə silah və texnikanın Azərbaycan ərazisinə keçməsinə imkan vermirlər. Bunu tam əminliklə, canlı şahid kimi deyirəm...

Bir sözlə, Fransa istəsə, Qarabağa humanitar yardım göndərə bilər. Bu da var ki, Qarabağ erməniləri nə  vaxta qədər humanitar yardımla dolanacaqlar?

Məlumdur ki, II Qarabağ savaşı nəticəsində Qarabağdakı ermənilər əkin və otlaq yerlərinin 84 faizini, içməli su mənbələrinin 91 faizini,  elektrik enerjisi istehsalı və təminatı vasitələrinin 91 faizini, dağ-mədən, faydalı qazıntı yataqlarının 98 faizini, meyvə bağları, tərəvəz bostanlarının və s. 83 faizini, daimi gəlir yeri kimi sayıla biləcək kiçik və orta  aqrar emalı və sənaye müəssisələrinin 79 faizini və s. itiriblər. Fransızlar, ruslar, həbəşlər, nə bilim, avstraliyalılar hər gün  12 yük maşını ilə pul daşısalar belə, Qarabağ erməniləri bunu hara xərcləyəcəklər? İş yerləri yox, sənaye istehsalı yox,  heç nə yoxdur... Sadəcə, orada bu saat olan 13 min 416 nəfər Qarabağ ermənisi var ki, onlar da köç ərəfəsindədirlər.

- Siz deyirsiniz ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən hərbçilərin, hərbi geyimdə olan adamların, xüsusilə silah və texnikanın Azərbaycan ərazisinə keçməsinə imkan vermirlər. Axı bu günlərdə Bakıdakı məhkəmədə erməni diversantlardan  biri etiraf etdi ki, onlar Ermənistandan gələndə Laçın dəhlizindəki rus hərbçilər onların yoxlanılmadan Azərbaycan torpaqlarına keçməsinə şərait yaradıb?..

- Bəli, o vaxt həmin terrorçular Rusiya hərbçiləri tərəfindən buraxılmışdılar. Bundan sonra Azərbaycan tərəfi Rusiya sülhməramlılarına çox ciddi xəbərdarlıq etdi və bu məsələ müzakirə olundu. Eyni zamanda, Rusiya sülhməramlılarının hazırda operativ fəaliyyət nəzarətində olan ərazilərdə Qarabağdakı separatçı-terrorçu rejimin silahlı birləşmələrinin müəyyən qismi qalıb. Onların da əlində  yüngül və orta çaplı atıcı silahlar, minaatanlar, toplar var. Və təbii ki, ermənilər  terrorçuluq və diversiya fəaliyyəti üçün həmin arsenaldan istifadə edə bilərlər və edəcəklər. Bunun qarşısı alınmalıdır. Və biz bu məsələni qaldırmalıyıq ki,  Qarabağdakı terrorçu rejim bütünlüklə tərk-silah olunmalıdır. Orada heç bir ağır texnika yerləşdirilməməlidir, yalnız və yalnız milis dəstələri qala bilər. Qarabağlı ermənilər atıcı silahlarla asayişi qorumaq üçün  milis funksiyalarını yerinə yetirə bilərlər. O vaxta qədər ki, Azərbaycanın yurisdiksiyası bərpa olunacaq və həmin iş dövlətimizin müvafiq  qurumlarına həvalə ediləcək...

-Sizin sözlərinizdən həm də belə nəticəyə gəlmək olur ki, Azərbaycanın hazırda Laçın dəhlizinə hər hansı açıq və ya gizli nəzarət mexanizmi mövcuddur...

- Hazırda Laçın dəhlizinə həm açıq, həm də  digər formalarda nəzarəti həyata keçiririk... Bu nəzarət  müxtəlif formalarda olur. Laçın dəhlizi bizim üçün şəffafdır.  Laçın dəhlizi Azərbaycn üçün “qara dəlik” deyil. Oradan keçən  hər avtomobili və nəinki hər avtomobili, hər  şəxsi belə, görə bilirik... Sadəcə, bunu deyə bilərəm....

- Son vaxtlar bir sıra siyasətşünaslar, o cümlədən ictimaiyyət nümayəndələri vurğulayırlar ki, Zəngəzur dəhlizi dünya gücləri üçün çox əhəmiyyətlidir. Bu halda belə çıxmırmı ki, Laçın dəhlizinin kimin nəzarətində olması  həmin supergüclər üçün prinsipial əhəmiyyət daşımır?

- Təəssüf ki, bizim media Laçın dəhlizi ilə Zəngəzur dəhlizini müqayisə edərək bilməyərəkdən ermənilərə sərf edən fikirlər yayımlayır. Birdəfəlik bilmək lazımdır ki, Laçın dəhlizi ilə Zəngəzur dəhlizi aynalı inikas, yəni bərabərhüquqlu deyil. Laçın dəhlizinin açılması sırf humanitar məqsədlər üçündür və bu da müvəqqəti xarakter daşıyır. Yaxın bir neçə il ərzində Laçın şəhərinin yanından ötməklə Laçın dəhlizi üçün ayrıca yol çəkiləcək. Yəni həmin yol artıq Laçın şəhərindən keçməyəcək. Zəngəzur dəhlizi isə Vətən müharibəsi başa çatdıqdan sonra imzalanmış üçtərəfli bəyanatda dəqiq təsbit olunmuş şərt və tələbdir. Yəni Ermənistan istəsə də, istəməsə də, beynəlxalq qurumlar nə desələr belə, bu dəhliz açılacaq. Bu, nə beynəlxalq qurumlardan, nə də Ermənistandan asılıdır. Bu, bəyanatın şərtidir, hərbi əməliyyatların dayandırılmasının şərtlərindən biri olub. Əgər Ermənistan hakimiyyəti bu şərti icra etməzsə, icraedici mexanizmlərin fəaliyyətinə qarşı çıxarsa, Azərbaycan bəyanatda imzalanmış müddəanın həyata keçirilməsi üçün bütün gərəkli yollara əl atacaq. Bundan başqa, Zəngəzur dəhlizinin açılmasında Azərbaycandan daha  çox Rusiya, Britaniya, ABŞ, Çin, Yaponiya və digər ölkələr maraqlıdır. Bu ölkələrin hamısı bəyan edib ki, Zəngəzur dəhlizi açılmalı və nəqliyyat-kommunikasiya xətləri bərpa olunmalıdır. Bu baxımdan, Zəngəzur dəhlizi öz əhəmiyyətinə və yerinə görə Laçın dəhlizindən 100 dəfələrlə önəmlidir. Odur ki, heç bir halda Zəngəzur dəhlizi ilə Laçın dəhlizini üzbəüz qoymaq,  eyniləşdirmək, onlar arasında paralel aparmaq yolverilməzdir. Əslində bu, erməni təbliğatıdır. Bunu ilk dəfə deyirəm, ermənilər bununla bizi provakasiyaya çəkməyə çalışırlar. Onlar bunu bizim beynimizə yeridirlər. Bəzi jurnalistlərimiz də bilmədən təkrarlayırlar ki, Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi  bağlanacaq. Halbuki, ermənilərin istədiyi də məhz budur. Biz Laçın dəhlizini bağlasaq, 10 Noyabr bəyanatının şərtlərini pozmuş olacağıq və həmin bəyanatın şərtlərinə əməl etməyən ölkə olacağıq. Onda  da Ermənistan deyəcək ki, Azərbaycan bu bəyanatı pozursa, biz də ona əməl etmirik. Ona görə də Zəngəzur dəhlizinin formatından  asılı olmayaraq, Laçın dəhlizi fəaliyyətdə olacaq. Çalışmalıyıq ki, bəyanatı pozan tərəf Ermənistan olsun, Ermənistan şərtlərdən imtina etsin. Onda dediyimiz mexanizm işə düşəcək...

- Zəngəzur dəhlizinə böyük əhəmiyyət verən dünya gücləri üçün Laçın dəhlizinin kimin – Rusiya və Ermənistanın, yaxud Azərbaycan və Türkiyənin nəzarətində qalması o qədər də maraqlı deyil. Onlar bununla 8-ci aydır heç bir beynəlxalq mandat olmadan fəaliyyət göstərən Rusiya hərbi kontingentinin limitsiz bir müddətdə orada qalmasına şərait yaradırlar...

- Bilirsiniz, Laçın dəhlizi ermənilərdən başqa heç kəs üçün əhəmiyyətli deyil, heç Rusiya üçün də əhəmiyyəti yoxdur. Rusiyanın Qarabağda uzun müddət qalacağı, hərbi baza yaradacağı  haqqındakı təlaş isə yersizdir.  Rusiya  90 milyonluq Azərbaycan-Türkiyə bazarını, Azərbaycan və Türkiyə kimi geosiyasi gücü cəmi 2,3 milyonluq Ermənistana dəyişən deyil. Ermənistan, artıq Rusiya üçün əhəmiyyətini itirib və faktiki olaraq coğrafi baxımdan Rusiyanın tərkibində olmayan bir quberniyaya çevrilib. Ona görə də Laçın dəhlizinin fəaliyyət və istismar müddətinin məhdudluğu ermənilərə də məlumdur. Sadəcə olaraq  Qarabağdakı ermənilərin orada yaşama istəklərinin iki yolu var: ya onlar  Azərbaycanın mövcud qanunvericiliyinin tələblərinə əməl edərək Azərbaycan vətəndaşı olacaq, Azərbaycan pasportu alacaqlar,  yaxud  buna riayət etmək istəmirlərsə, Laçın dəhlizi açıqdır, buyurub Ermənistana gedə bilərlər...

- Telekanallarda, elektron media və qəzetlərdə çıxış edən siyasi şərhçilərin, demək olar ki, hamısı Ermənistanın həm ötən dəfə Ağdam rayonunun, həm də bu dəfə Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycan tərəfinin  azad etdiyi  erməni diversantların  əvəzində verildiyini qeyd edirlər. Yalnız siz öz şərhlərinizdə vurğulayırsınız ki, mina xəritələrinin verilməsinin erməni diversantların buraxılmasıyla heç bir əlaqəsi yoxdur. Bunu hansı əsasla deyirsiniz?

- Bəli, Azərbaycan mediası şərhçilərə istinadla  belə deyir. Bu da qeyri-peşəkarlıqdır. Bir daha deyirəm ki, mina xəritələri heç bir halda mübadilə mövzusu deyil. Biz  müharibədən sonra ərazimizdə tutulmuş erməni diversantlarının məhkəmədə ibtidai istintaq zamanı günahlarının olub-olmamasını araşdırırıq. Bu şəxslərin bir qisminin günahının olmadığı, bilavasitə diversiya, terror, yanğın aktlarında, Azərbaycan hərbçiləri və mülki vətəndaşlarının güllələnərək qətlə yeirilməsində  iştirak etmədikləri  sübuta yetirilib və onlar da Ermənistana təhvil veirlib. Bu, bir humanist addımdır. Biz Ermənistanla insan talelərinə əsaslanmış alver aparmırıq.  Bu, bizim siyasətimizə ziddir. Biz erməni deyilik. Sadəcə, Ermənistan  bu jestin müqabilində mina xəritələrini sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə  bizə təqdim edir. Vəssalam...

- Məsələ ondadır ki, axı hər iki proses eyni vaxtda, eyni gündə baş verir?

- Proses,  təbii ki, üst-üstə düşür. Bu, üçtərəfli bəyanatdan irəli gələn məsələdir. Proseslərin üst-üstə düşməsində qəribə heç nə yoxdur. Əksinə, hər şey  məntiqlə baş verir. Biz xoşməramlı jest kimi əsirləri azad edirik. 10 Noyabr Bəyanatında göstərilib ki, mina xəritələri verilməlidir.  Burada artıq müzakirəyə ehtiyac yoxdur. Odur ki, ermənilər də xəritələri verirlər...

- Sizcə, mina xəritələrinin verilməsi prosesi bundan sonra da davamlı olacaqmı?

- İnşAllah, növbədə Kəlbəcər və Laçının mina xəritələridir.  Onlar da alınacaq. Ümumiyyətlə, yaxın  ayyarım ərzində işğaldan azad edilmiş bütün ərazilərin mina xəritələrinin alınma prosesi başa çatmalıdır. Ondan başqa Ermənistanın işğalı altında qalan Qazağın  7 kəndi tam boşaldılıb. Yaxın müddətdə onlar da Azərbaycana təhvil veriləcək... 

- Elçin bəy, necə düşünürsünüz, Yuxarı Qarabağın qalan hissəsinin azad olunması məsələsində siyasi-diplomatik yol  bu dəfə də saqqız kimi uzanaraq növbəti onillərlə vaxta başa gəlməz ki?

- Qətiyyən. Hazırda bizim üçün ən önəmli məsələ Zəngəzurdur. Həmin dəhliz əlimizdə olandan sonra, Xankəndi məsələsi avtomatik həllini tapacaq. Çinlilərin bir atalar sözü var ki, ağacın gövdəsinə kim nəzarət edirsə, meyvələrini də o dərir... Məsələ onillərlə  uzanmayacaq. Digər tərəfdən, nə qədər paradoksal olsa da, onillərlə uzanmaq həm də bizim xeyrimizədir. Qarabağ münaqişəsi  bu 30 ilə yaxın müddətdə həllini tapmadıqca  iqtisadiyyatımızı yenidən dirçəltmək, ordumuzu faktiki yenidən qurmaq, dünya standartlarına cavab verən ən  müasir silahlar və texnika ilə təchiz olunmuş ordu və silahlı qüvvələr yaratmaq üçün bu dövrdən istifadə etdik. Həmin müddət bizi Vətən müharibəsindəki qələbəyə yaxınlaşdırırdı. Biz qətiyyən şübhə etmirdik ki, Qarabağı azad edəcəyik... Bütün ölkə, bütün cəmiyyət, siz, mən, hər birimiz özümüz də bilmədən bunun üçün çalışırdıq. Nəticədə bu illər ərzində Ermənistan geriyə getdisə, biz irəli getdik.  Zaman bizim xeyrimizə işlədi. İndi isə  yenə də zaman bizim xeyrimizə işləyir. Xankəndi, Xocalı və s. məsələsinin həllinin onillərlə vaxt alacağına inanmıram. Hər şey çox qısa zamanda həllini tapacaq. Ermənistan bütün sahələrdə – hərbdən tutmuş maliyyə,  gömrüyə,  sərhədədək çökmüş bir ölkədir. Onun  yenidən dirçəlməsinə minimum 30 il vaxt lazımdır. Ən azı, ən yaxşı halda... Təbii ki, bu da mümkün olmayacaq...

Oxunma sayı 2291