Azərbaycanda qış turizm mövsümünə rəsmən start verilib. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, ölkənin qış turizm imkanlarının genişləndirilməsi, beynəlxalq turistlərin cəlb olunması və daxili turizmin inkişafı məqsədilə yeni layihələr həyata keçirilir. O, Azərbaycanın təbiət turizmi, mədəniyyət, macəra, sağlamlıq və qış turizmi istiqamətlərində xüsusi təşviqat işlərinin aparıldığını vurğulayıb.
K.Quluzadə, həmçinin 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. O, 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.
Maraqlıdır, görəsən, Azərbaycanda qış turizmində vəziyyət necədir? Qiymətlər nə dərəcədə əlçatandır? Qış turizm mövsümündə Azərbaycana daha çox hansı ölkələrdən turistlər gəlir?
Məsələ isə bağlı bizimlə fikirlərini bölüşən turizm üzrə mütəxəssis Ceyhun Aşurov deyib ki, ümumiyyətlə, Azərbaycan turizmin inkişafını bir hədəf kimi götürüb: “Təsadüfi deyil ki, turizm Azərbaycanın prioritet sahilərindən hesab olunur və bununla bağlı müxtəlif işlər görülür. Strateji yol xəritəsi hazırlanıb, müxtəlif qanunlar qəbul olunur, gələcəkdə də turizmin inkişafı ilə bağlı müəyyən hədəflər götürülüb ki, bu da turizmə olan diqqətin göstəricisidir. Turizm faktiki olaraq ölkəyə ciddi şəkildə valyuta gətirən bir sahədir və ölkəyə turistlərin gəlməsi həm də istehlakı stimullaşdırır və iqtisadiyyatın müxtəlif sahələrində gəlirliyi, iqtisadi aktivliyi təmin edir”.
Mütəxəssis əlavə edib ki, ölkədə kifayət qədər qış turizmi təsisatları var:
“Qəbələdə, Qusarda “Şahdağ”, “Tufandağ”, Naxçıvanda Ağbulaqda qış turizmi məkanları fəaliyyət göstərir, müasir standartlara cavab verir. Ümumiyyətlə, ölkədə nə qədər turizm çeşidliliyi olarsa, fərqli turizm məhsulları təqdim olunarsa, ölkəyə gələn turistlərin məmnunluq səviyyəsi artar. Eyni zamanda, ölkəyə gələn turistlərin təqvim üzrə bölünməsini, ilin müxtəlif fəsillərində gəlməsini təmin etmiş olar. Çünki hər bir turizm növünün, məhsulunun özünün alıcı seqmenti var. Nəzərə alsaq ki, bu təsisatlardan əlavə, qış fəslində yenə də ölkəmizə turistlər gəlir, təkcə dağ-xizək üçün yox, eyni zamanda təbiəti seyr etmək üçün, təbiətdə vaxt keçirtmək üçün region hotellərində müəyyən istirahət günləri, qeyri-iş günlərində aktivlik hiss olunur. Bu faktdır ki, ölkəmizə gələn turistlər nə qədər Bakını sevsələr də, paytaxtda zaman keçirsələr də, regionlara da səfər etməyə can atırlar. Qış mövsümündə isə xüsusilə Körfəz ölkələrindən turist axını müşahidə olunur”.
C.Aşurov həmçinin qeyd edib ki, qarşıda "Yeni il" bayramı ilə əlaqədar tətil günləri olduğundan insanların səyahət tələbatının artdığını müşahidə etmək mümkündür: "Artıq vətəndaşlar, eyni zamanda xarici turistlər tətil günləri üçün öz səyahətlərini planlaşdırır. Bu ərəfədə biz regionlara da tələbatın artığını görürük. Eyni zamanda vətəndaşlarımızın da xarici səfər etmələrində aktivlik olduğunu müşahidə edə bilirik. Hər iki istiqamətdə kifayət qədər təkliflər, müxtəlif turizm paketləri hazırlanır. Xüsusilə regionlarda yeni illə bağlı şənlik, ziyafətlər təşkil olunur. Qiymətlər də təbii ki, adi günlərdən fərqli olacaq, amma buna baxmayaraq, alıcılıq qabiliyyəti də var. Qiymətlərin keçən illə müqayisədə daha yüksək olduğunu deməzdim. Çünki hər il bazara yeni təkliflər ortaya çıxır. Yeni hotellər faəliyyətə başlayır, müxtəlif tədbirlər həyata keçirirlər. Bazara yeni daxil olan hotellər də qiymətlərdə endirimlər etməyə çalışırlar. Əvvəlki dövlərdə olduğu kimi qış turizmində də bu aktivliyi müşahidə edəcəyik".
Onun sözlərinə görə, hazırda bölgələrdə iki nəfərlik istirahət paketinin qiyməti 1200-2500 manat arasında dəyişir: “Bu paketə 2 gecə, 3 gün olmaqla hər şey, o cümlədən yeni il axşamı qalası, restoranda əyləncə daxildir. Bu iri otellərin qiymətləridir. İstər Lənkəran, istər Qalaaltı, istər Şamaxı, istərsə də Qəbələdə qiymətlər bu civarda dəyişir. Daha uyğun qiymətlər isə Gəncə, Naftalan istiqamətindədir. Amma bundan başqa bütün regionlarda kirayə evlər, villalar təklif edilir. Bu ailə ilə gedən qonaqlar üçün daha əlverişli hesab olunur”.
Mövzu ilə bağlı Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, qış mövsümündə ən yaxşı səyahət imkanı qarlı ərazilərdə - dağ ətəyi və dağ zonaları hesab edilir: "Burada ən populyarı xizək sürmək və digər qış aktiv və passiv turizm fəaliyyətləridir".
Ekspert xatırladıb ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi turizmin inkişafına müsbət təsirlər göstərib: “Artıq bu istiqamətdə müsbət nəticələr müşahidə olunmaqdadır. Çünki bir çox ölkələrdən Bakı şəhərini COP29 zamanı ziyarət edənlər xoş təəsuratlarla geri dönüblər. Bu, bir növ canlı reklamdır. Bununla yanaşı, Azərbaycan hökuməti alternativ və bərpa olunan enerjiyə xüsusi diqqət yetirir. Ölkə Prezidentinin sərancamı ilə işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər və kəndlər salınır, yaşıl enerjinin həcminin artırılması istiqamətində ölkədə mühüm işlər aparılır. Bunların məntiqi davamı olaraq yüksək ekoloji mədəniyyətə və ekoloji fəaliyyətlərə, o cümlədən, davamlılıq prinsiplərinə sadiq ekoloji turizmin potensialının tam gerçəkləşməsinə nail olmaq kimi məqsədlər önə çıxmalıdır. Beləliklə, növbəti dövrdə ekoloji turizm imkanlarımızın genişlənməsi və bu sahədə yeni, maraqlı həllərin formalaşmasını gözləyə bilərik".