"77 il öncə törədilən qətliamları heç vaxt unutmayacağıq" - Prezident

11:00 08.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Fransanın 1945-ci il may ayının 8-də Əlcəzairin Setif, Gelma, Harrata və digər şəhərlərində həyata keçirdiyi qorxunc qətliamları heç vaxt unutmayacağıq".

Hafta.az-ın yazdığına görə, bu sözlər Əlcəzair prezidenti Əbdülməcid Tebbunun yayımladığı mesajda deyilir. Dövlət başçısı deyib ki, 77 il öncə - məhz 8 may 1945-ci ildə Fransa ordusu, işğala qarşı çıxan azad və əliyalın xalqa silahdan istifadə edərək 45 min əlcəzairlini qətlə yetirib. 

Tebbun deyib ki, ölkədə Milli Yaddaş Günü kimi xatırlanan və anılan qətliam, Əlcəzair xalqının tarixində azadlıq mübarizəsinə qarşı edilən ən qanlı hücumlardan biridir. O qeyd edib ki, Fransanın müstəmləkə dövründə Əlcəzairdə işlədiyi cinayətlərin araşdırılmasıyla bağlı davam edən prosesi yaxından təqib edirlər. Çünki bu məsələ ölkənin və millətin onun üzərinə qoyduğu böyük vəzifədir, məsuliyyətdir. 

Xatırladaq ki, prezident Tebbun ötən il - qətliamın 76-cı anım ili ilə bağlı yayımladığı mesajında, 8 may 1945-ci ildə paytaxt Əlcəzairin 300 kilometr şərqində yerləşən Setif, Gelma və Harrata bölgələrində dinc nümayişlərdə 45 min insanın öldürüldüyünü xatırlatmışdı.

Qeyd edək ki, Fransanın Afrika qitəsindəki müstəmləkəçiliyinə qarşı ən aktiv və qanlı mübarizə meydanı olan Əlcəzair 1954-cü ildə müstəqillik mübarizəsinə start verib. Tam 8 il davam edən azadlıq prosesi zamanı 1,5 milyon əlcəzairli fransız ordusu tərəfindən qətlə yetirilib. Bütün bu qətliamlar Fransanın Afrikadan çıxarkən geridə buraxdığı "qara ləkə" olaraq tarixə yazılıb.