Bu şəxslər pensiyaya DAHA TEZ ÇIXA BİLƏR

16:37 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qadınların pensiya yaşı növbəti həftədən etibarən 6 ay da artılaraq 65-ə çatdırılır.

Hafta.az-ın məlumatına görə, deputat Vüqar Bayramov bildirib ki, pensiya sistemində yalnız kəmiyyət deyil, keyfiyyət meyarlarının da nəzərə alınmalıdır.

"Xüsusən də tək yaşayan qadınların daha tez pensiyaya çıxması təmin olunmalıdır. Söhbət güzəştli pensiya hüququnun tək yaşayan qadınlara da şamil edilməsindən gedir. Çünki elə qadın vətəndaşlarımız var ki, müəyyən yaşa çatsalar da, onlara baxacaq övladı və ya həyat yoldaşı yoxdur. Bu baxımdan onların daha erkən pensiyaya çıxması məqsədəuyğun olardı", - deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, pensiya sistemində qadınlarla kişilər arasındakı əməkhaqqı fərqi də nəzərə alınmalıdır.

"Pensiyaların hesablanması sosial sığorta ödənişlərinə əsaslanır. Gender hesabatının müzakirəsi zamanı da təklif etmişik ki, qadınlarla kişilər arasında əməkhaqqı fərqi olduğu üçün pensiya yaşına çatan qadınların pensiya kapitalına xüsusi əmsal tətbiq olunsun. Bu, onların pensiya kapitalının artmasına və nəticədə daha yüksək pensiya almalarına imkan yaradar", - o vurğulayıb.

Deputatın sözlərinə görə, pensiya sistemində keyfiyyət meyarlarının tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də qadınların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edər.

"Bu yanaşma bir tərəfdən bəzi qadınların daha tez pensiyaya çıxmasını təmin edə bilər, digər tərəfdən isə gələcəkdə onların aldıqları pensiya məbləğinin artmasına şərait yaradar", - deyə Vüqar Bayramov əlavə edib. modern.az