"İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 31,3 faiz azalıb" - Vüqar Bayramov

12:40 24.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"İranla yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə edilən məsələlərdəndir. Cənub qonşumuzla ticari dövriyyəmiz 2016-cı ildən sonra daha çox artsa da, ötən il pandemiyanın təsirlərindən qaça bilmədi. Belə ki, İanla ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir".
 
Hafta.az-ın yazdığına görə, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. İrandan illik idxalın həcmi isə 300 milyon dollardır. Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub. Göründüyü kimi, İranla ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İranla ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək.
"İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmamalıdır. Azərbaycan illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2,7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23,6 milyon dollar dəyərində kartof, 9,8 milyon dollar təzə meyvə, 8,7 milyon dollarlıq təzə tərəvəz, 13 milyon dollara yaxın dəyərdə şəkərdən hazırlanan qənnadı məmulatları, 2,9 milyon dollarlıq çörək və un məmulatları, 1,9 milyon dollarlıq süd və qaymaq, 1,5 milon dollarlıq balıq, 1,4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları, 177,2 min dollarlıq çay, 167,4 min dollarlıq düyü, 51,4 milyon dollarlıq makaron məmulatları və sair idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asıllığının yaranmasına imkan vermir" deyən millət vəkili əlavə edib ki, Azərbaycan, ərazi bötüvlüyümüzə hörmətlə yanaşan ölkələrlə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan dövlətdir. Ümid edək ki, qonşuluq prinsiplərinə qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq.
Oxunma sayı 269