Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Georgitsa Vlad ölkənin hava məkanının pozulmasına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.
Hafta.az xəbər verir ki, bu barədə Rumıniyanın “Digi24” televiziya kanalı məlumat yayıb.
Generalın açıqlaması Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının 24 saat ərzində ölkənin hava məkanını pozan ikinci pilotsuz uçuş aparatını vurmasından sonra səsləndirilib.
Georgitsa Vlad bildirib ki, Rumıniya vətəndaşları bir məqamı dəqiq bilməlidirlər: “Ölkənin hava məkanı pozulduğu anda Silahlı Qüvvələr artıq hadisə yerində olur və təhlükənin aradan qaldırılması üçün bütün zəruri tədbirləri həyata keçirir”.
Baş Qərargah rəisinin sözlərinə görə, son əməliyyat yüksək peşəkarlıqla icra olunub. Pilotsuz uçuş aparatı yaşayış məntəqələrindən uzaqda, mülki əhali üçün heç bir təhlükə yaratmadan zərərsizləşdirilib. O vurğulayıb ki, Rumıniya Silahlı Qüvvələri ölkənin hava məkanının toxunulmazlığını təmin etmək üçün sutkanın 24 saatı fasiləsiz xidmət aparır.
Georgitsa Vlad gecə-gündüz döyüş növbətçiliyi həyata keçirən hərbçilərə təşəkkür edərək onların peşəkarlığının Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bildirib.