“Qarabağ”ın səfər oyunu üçün biletlər satışa çıxarılır

12:15 25.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək SSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu üçün vauçerlər bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Hafta.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşü “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq. Biletlərin qiyməti 28 AZN-dir.

Qeyd olunub ki, "Qarabağ" azarkeşləri üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb.

Həmçinin klub azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələrini xahiş edib. Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.

Açıqlamada vurğulanıb ki, bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur. 

Qeyd edək ki, SSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.