"Azərbaycan uğurlu hərbi əməliyyatlarla torpaqlarını işğaldan azad etməkdədir" - Pakistan səfiri

19:20 21.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanla Azərbaycan arasında bütün sahələrdə dərin əlaqələr mövcuddur.
Hafta.az-ın yazdığına görə, bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Hayi deyib.
Diplomat bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın yanında olub və hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Səfir vurğulayıb ki, bu gün Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatlarla torpaqlarını erməni işğalından azad etməkdədir. O, çox sayda şəhər və kəndlərin işğaldan azad edilməsi münasibətilə  Azərbaycan xalqını təbrik edib. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərlə bağlı qətnamələrin qəbulunda Pakistan hökuməti Azərbaycana maksimum dəstək verib. "Tarixi dostluq və qardaşlıq əlaqələrinə malik olan Pakistan və Azərbaycan dövlətləri beynəlxalq platformalarda uğurla əməkdaşlıq etməkdədir", - deyib Pakistanın ölkəmizdəki səfiri B.Hayi.

Səfir ölkəsi ilə Hindistan arasında uzun illərdir davam edən problemlərdən də söz açıb. O, Kəşmir münaqişəsindən söz açaraq qeyd edib ki, uzun illər ərzində Kəşmirdə Hindistan ordusu və digər təhlükəsizlik qüvvələri tərəfindən sözün əsl mənasında repressiya siyasəti aparılıb. Nəticəsi də budur ki, Kəşmirdə insanlar öldürülür, heç bir əsas olmadan həps edilir, təqib olunur və sair. Hindistan hökuməti bu cür amansız davranışı ilə bütün beynəlxalq qaydaları pozmaqla yanaşı, Kəşmirlə bağlı mövcud olan BMT qətnamələrini gözardı edir. Hansı ki, həmin qətnamədə, Kəşmirdə azad və maneəsiz referendumun keçirilməsi və səsvermənin nəticələrinin dünya birliyi tərəfindən qəbul edilməsi nəzərdə tutulur. 

Tədbirin sonunda Kəşmir həqiqətlərini əks etdirən videoçarx nümayiş olunub.