Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində “Turizmin təşviqi” mövzusuna həsr edilmiş onlayn görüş keçirib.
Hafta.az-ın yazdığına görə, səfir Məhəmməd əl-Bluşi deyib ki, iqtisadiyyatla turizm arasındakı əlaqə ümumilikdə qarşılıqlı asılı münasibətdir, çünki turizm fəaliyyəti ölkələr arasında ən mühüm iqtisadi və sosial fenomenlərdən biridir. Bu fəaliyyət onun geniş coğrafi ərazisi və müxtəlif turizm istiqamətləri ilə xarakterizə olunur.

“Birləşmiş Ərəb Əmirliklərinin qurucusu əlahəzrət Şeyx Zayed Bin Sultan əl-Nahyan səhranı yaşıl məkana çevirmək görüşünə sahib idi. Beləliklə, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər və böyük qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkandır”, - deyə səfir qeyd edib.
Səfir Məhəmməd əl-Bluşi əlavə edib ki, Prezident Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın rəhbərliyi altında BƏƏ regionda turizm sənayesindəki mövqeyini möhkəmləndirib, böyük nəticələr və nailiyyətlər qazanıb.
Əmirliklərin Turizm Şurası və eko-turizm barədə ətraflı məlumat verən səfir diqqətə çatdırdı ki, “BƏƏ zəngin təbii mühitə malikdir. BƏƏ təkcə böyük qum səhraları deyil, həm də dağlara, dərələrə, çimərliklərə də sahibdir”.
"Dubai EXPO 2020" barədə danışan səfir Azərbaycan Pavilyonunun möhtəşəmliyini vurğulayaraq, belə yüksək səviyyədə təmsil olunduqları üçün Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.
“Azərbaycan və BƏƏ müxtəlif sahələrdə uğurlu əməkdaşlığı davam etdirir. Azərbaycan BƏƏ vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir. Həmçinin, BƏƏ azərbaycanlıların ən sevimli turizm məkanlarından biridir”, - deyə səfir bildirib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri cənab Kənan Əliyev, Azərbaycan Turizm Bürosu Turizm sənayesi şöbəsinin müdiri Tural İbrahimov çıxış ediblər. Görüşdə Turizm Agentlikləri Assosiasiyasının, Azərbaycanda fəaliyyət göstərən özəl sektor nümayəndələri də iştirak ediblər.