"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır" - Millət vəkili

15:55 04.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa üçün prioritet olaraq qalmaqdadır. Telefon danışığında bu bir daha qeyd olunub.
 
Hafta.az-ın yazdığına görə, millət vəkili Vüqar Bayramov bununla bağlı bildirib ki, Aİ Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36,7, Gürcüstanda 23,9, Ermənistanda 18,0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2,6, Gürcüstan 1,2, Ermənistanda isə 1 milyard avro sərmayə qoyluşu həyata keçirib.
 
"Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəkilib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır" deyən millət vəkili əlavə edib ki, bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır.
 
"Son Brüssel görüşləri və qarşılıqlı telefon zəngləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha da sürətlənməsinə şərait yaradır", - deyib V.Bayramov.
 
İqtisadçı millət vəkili deyib ki, Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın geclənməsinə önəm verir. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, "qoca qitənin" enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında mütəmadi dialoq və təmaslar, qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir.
 
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da artmaqdadır. Ötən il ölkəmizdə 43,9 milyard kubmetr mavi qaz hasil olub. Bu, 2018-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Eyni zamanda 2018-ci illə müqayisədə Azərbaycan mavi qaz ixracatını da 2 dəfə artırıb. Artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya mavi qaz nəqli həyata keçirilir. Ötən il Avropa İttifaqına 9 milyard kubmetrə yaxın mavi qaz nəqli həyata keçirilib. Bu il bu rəqəmin 10 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycan da Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında artıq yeni alternativ mənbədir. Təbii ki, bu, tərəflər arasında əməkdaşlığın strateji xətlə inkişaf edəcəyindən xəbər verir. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır", - deyib millət vəkili.
Oxunma sayı 801
Siyasət rubrikasından digər xəbərlər