Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki Səfirliyi Azərbaycanın Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş təşkil edib.
Hagfta.az-ın yazdığına görə, BƏƏ səfiri Məhəmməd əl-Bluşi qeyd edib ki, BƏƏ Qadınlar Günü avqustun 28-də Millətin Anası Şeyxə Fatimə bint Mübarək tərəfindən 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yarandığı gündə hər il qeyd edilir.

“BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və Əmirliklərdəki qadınlar kişilərlə eyni hüquqi statusa sahibdirlər”, - deyən səfir, bildirib ki, BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən hazırlanmış 2019-cu il İnsan İnkişafı Hesabatına əsasən, BƏƏ qadınların hüquqlarının genişləndirilməsi üzrə 189 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Səfir, həmçinin qeyd edib ki, 2015-ci ildə BƏƏ-də qadınlar üçün dövlət sektorunda gender balansını artırmaq üçün federal qurum olan BƏƏ Gender Balansı Şurası yaradılıb.
Cənab Əl-Bluşi vurğulayıb ki, BƏƏ nazirlər kabinetində səkkiz qadın nazir fəaliyyət göstərir və ölkənin diplomatik korpusunun 20 faizini qadınlar təşkil edir.

2018-ci il prezident fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50 faizi qadın olmalıdır.
Səfir daha sonra BƏƏ-in müxtəlif sənaye sahlərində qadınların iştirakı və rolu, eləcə də BƏƏ-in xarici yardım strategiyasında qadınların hüquqlarının genişləndirilməsi və qorunması barədə də ətraflı məlumat verib.
Daha sonra görüş digər qonaqların çıxışları ilə davam edib. Azərbaycan Ombudsman Aparatının informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafik inkişaf şöbəsinin müdir müavini Rəna Abdullayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva çıxış edərək öz fikirlərini səsləndiirblər.