"Yanacaq-energetika sektorunda texniki suverenliyə təsirli şəkildə nail oluruq. Son 10 il ərzində sənayenin idxaldan asılılığını 67 faizdən 38 faizə endirə bilmişik”.
Hafta.az-ın yazdığına görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib. Rusiyanın keçən həftə benzin ixracı qadağasını aradan qaldırdığını xatırladan Novak dizel ixracına qoyulan qadağanı tezliklə aradan qaldırmağı planlaşdırdıqlarını bildirib.
Novak Rusiya qazının Çinə nəqli ilə bağlı "Bu ildən etibarən 22 milyard kubmetr həcmə çatmağı planlaşdırırıq" deyib. Sözügedən marşrutdakı “Sibirin Gücü” boru kəmərinin 38 milyard kubmetr tutumlu olduğuna diqqət çəkən Novak, "Bu tutuma 2025-ci ildə çatacağıq. Monqolustandan keçəcək "Sibirin Gücü 2" boru kəməri layihəsi üzərində işlər davam edir. Nəticədə Çinə ümumi təbii qaz nəqli təxminən 100 milyard kubmetrə çatacaq" deyə əlavə edib.