"Evdə qal" çağırışı ailədaxili münasibətlərə necə təsir göstərir? - SORĞU

12:10 12.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Müasir dövrdə artıq cəmiyyətlərdə “qadın işi” anlayışı yox olmağa başlayır. Son aylar dünyada baş qaldıran koronavirus pandemiyası dövründə hər zaman alışdığımız kişilər işdə yox, daha evdə oturmalı oldular. Azərbaycan da da karantin müddətində insanlar evdə qalmağa məcburdurlar.

Evdə qalan insanların bəzisi kitab oxumaq, bəziləri film seyr etməklə vaxtlarını keçirirlər. Sosial şəbəkələrdən istifadə edənlərin bir çoxuna məlumdur ki, “Evdar Kişilər klubu” adlı qrup yaradılıb. Burada insanlar imkansız şəxslərə maddi yardım da göstərirlər.  Eləcə də evdə xanımlarına dəstək olan bəylər öz əl işlərini çəkib qrupda yerləşdirirlər. Maraqlıdır, bu kimi sosial mesajlar azərbaycanlı ailələrə hansı mesajları ötürür?

Hafta.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu dedi ki, indiki müasir ailələrdə vəzifə bölgüsü yüz il öncəki kimi deyil, stereotiplər yavaş-yavaş qırılır, doğru olanı da budur:

“Kişi ilə qadın arasında münasibət elə olmalıdır ki, evdə ahəngdarlıq olsun. Elə ev vardır ki, bəyin həyət yoldaşı mühüm vəzifələrdə işləyir və evə gecə gəlir. Bu halda o xanımına dəstək olmalıdır, nəzakət göstərməlidir. “Evdar Kişi Klubu” yaratmaq özü də bir az gülməlidir. Ailədə ahəngdar münasibət yaranması üçün vaxt və psixoloji vəziyyət nəzərə alınmalıdır. “Evdar qadın, “evdar kişi” sözü özü köhnəlib”.

Psixoloq İlahə Dəmirbəy isə hesab edir ki, “ev qadının ərazisidir” deyimi yanlış düşüncədir, bu yanaşma doğru deyil:

“Bir ailədə iki ruh yaşayırsa, o ev deməli, hər iki şəxsin ərazisi hesab olunur. Əgər bu gün hər hansı kişi ev işlərində xanımına yardım edirsə heç bir mənfi tərəfi yoxdur. Burada emosiayaların və mənəvi bağların güclənməsi prosesi başlayır. Sadəcə olaraq bunu video çəkim üçün etmək yanlışdır. Video bitəndən sonra ailədə münaqişə yaranacaqsa məsələnin tam aydın olmadığı deməkdir. Bu göstəriş üçün edilməməlidir.  Evdə qalma müddəti insanlara verilən bir şansdır. Təcrübəmizdə vardır ki, müraciət edənlər arasında vaxtsızlıq problemindən şikayətlənirdilər. Bu dönəmdə bəylə xanım arasında ev işlərində birgəlik varsa digər problemlər də yaşanmayacaq. Belə halda  həm psixoloji,  həm də ümümi bir bağlılıq olacaq. Bu da bir-birini tamalama deməkdir”.

Psixoloq Günel Vüqar isə hesab edir ki, bu müddətin müsbət tərəflərindən biri odur ki, valideynlər öz uşaqlarına daha çox vaxt ayıra bilirlər:

"Burada da istisnalar var. Hansı ailələr ki, vaxt problemi yaşayırdılar, cütlüklərin bir-birinə, eləcə də övladlarına ayıracaq zamanı yox idisə, bu vaxt onlar üçün çox münbit bir şərait yaratmış oldu. Bəlkə də bu pandemiyanın ən müsbət cəhəti idi desək yanılmarıq. Həmçinin bu sınaq idi. Bəlli olacaq ki, bu sınaqdan ailələr necə çıxırlar. Sosial mediada da paylaşılanlar və digər bu kimi paylaşımlarda iki nüans var: Bir içdən gələn. Bir də reklam xarakterli. Reklam xarakterli daha çox kütlə psixologiyasına əsaslanır.  Bəzi insanlar isə bunu özünə vəzifə hesab edir. Doğru olan da budur.  Sözügedən klubun yaranması və onların yardım kompaniyası aparması insanları sevindirməsi çox müsbət haldır. Evdə xanımlara dəstək bütün ailələrdə keçərli deyil. Hələ də qırılmayan streotiplər qalır”.