Fransada 2026-cı ilin birinci yarısında şirkət müflisləşmələri rekord həddə çatıb

22:33 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin birinci yarısında Fransada şirkət müflisləşmələrinin sayı rekord səviyyəyə yüksəlib. Məhkəmə nəzarəti, sağlamlaşdırma və ya ləğvetmə prosedurlarına cəlb olunan müəssisələrin sayı təxminən 37 minə çatıb. Məlumat Fransa Məhkəmə İnzibatçıları və Məhkəmə Nümayəndələri Milli Şurasının statistikası əsasında açıqlanıb.

Hafta.az xəbər verir ki, hesabata görə, müflisləşmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıb.

Bu göstərici 2025-ci ilin sonlarında müşahidə olunan nisbi sabitləşməyə baxmayaraq, Fransa iqtisadiyyatında struktur problemlərinin davam etdiyini göstərir.

Fransa Bankının qiymətləndirməsinə əsasən, mövcud vəziyyəti təkcə COVID-19 pandemiyasının gecikmiş təsirləri ilə izah etmək mümkün deyil. Müəssisələr Yaxın Şərqdəki geosiyasi gərginlik, enerji qiymətlərinin bahalaşması, xammal və gübrə xərclərinin artması kimi amillərin təzyiqi altında fəaliyyət göstərir. Hazırda 100 mindən çox iş yerinin risk altında olduğu bildirilir.

Ən çox zərərçəkənlər mikromüəssisələr olsa da, on nəfərdən artıq işçisi olan şirkətlər arasında da maliyyə çətinliklərinin artdığı qeyd olunur. Sənaye sektoru xüsusilə ağır vəziyyətdədir. Emal sənayesində müflisləşmələr bir il ərzində 8 faiz, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə 47 faiz artıb.

Hotel-restoran, kənd təsərrüfatı və meşəçilik sahələrində də vəziyyət pisləşməkdə davam edir. Son iki sektorda müflisləşmələrin sayı ötən illə müqayisədə 60 faiz, 2019-cu illə müqayisədə isə 167 faiz artıb ki, bu da xüsusilə Fransa üzümçülük sektorunda davam edən problemləri əks etdirir.

Mövcud tendensiya ilin sonunadək davam edərsə, Fransada 2026-cı il ərzində müflisləşən şirkətlərin sayı 70 minə çata bilər. Bu göstərici 2008–2009-cu illərin qlobal maliyyə böhranı dövründə qeydə alınan ən yüksək səviyyəni də üstələyə bilər. Mütəxəssislər bunu zəif iqtisadi artım, yüksək istehsal xərcləri və beynəlxalq iqtisadi qeyri-müəyyənlik fonunda Fransa şirkətlərinin davam edən həssaslığı ilə əlaqələndirirlər. /AZƏRTAC/