CHP-nin Çankaya Bələdiyyəsində polis əməliyyatı: 36 nəfər saxlanılıb

11:54 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankarada CHP-nin idarə etdiyi Çankaya Bələdiyyəsinə polis əməliyyatı keçirilib. Əməliyyat çərçivəsində bələdiyyə sədri Hüseyin Can Güner də daxil olmaqla 36 nəfər barəsində saxlanılma qərarı verilib.

Hafta.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu əməliyyatın rüşvət alma, rüşvət vermə, cinayətkar təşkilat yaratma və ona üzv olma, həmçinin tenderlərə müdaxilə ittihamları üzrə aparılan istintaq çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Məlumata görə, şübhəlilərdən 27-si artıq saxlanılıb. Polis bələdiyyə binasında müxtəlif şöbələrdə axtarış aparır, istintaq tədbirləri davam etdirilir.

Çankaya Bələdiyyəsinin sədri Hüseyin Can Güner əməliyyatdan sonra X hesabında paylaşım edərək hazırda Ankaradan kənarda olduğunu bildirib. O qeyd edib ki, bir neçə saat ərzində paytaxta qayıdacağını əvvəlcədən aidiyyəti qurumlara məlumat verib və evində aparılan axtarış üçün polisə ehtiyat açarın təqdim olunmasını təmin edib.

Güner açıqlamasında rəhbərlik etdiyi bələdiyyəni qanun çərçivəsində idarə etdiklərini vurğulayaraq, istintaqın detalları dəqiqləşdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.

CHP Ankara İl Təşkilatı isə əməliyyatı "hüquqsuz" adlandıraraq partiya üzvlərini və Ankaralıları Çankaya Bələdiyyəsinin binası qarşısına həmrəylik nümayiş etdirməyə çağırıb.