İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu adını və soyadını dəyişərək özünə Yonatan Hon adını götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin dekabrında təqdim edilmiş vergi sənədlərində onun adı əvvəlki formada - Yair Netanyahu olaraq göstərilib. 2026-cı il tarixli eyni sənədlərdə isə hökumət başçısının oğlu yeni adı ilə qeydə alınıb.
Yair Netanyahu əvvəllər də oxşar soyaddan istifadə edib. Sosial şəbəkələrdə o, Yair Hoon adından istifadə edir. Hoon Yairin ana babası Şmuelin əsl soyadı olub. Sonradan ailə bu soyadını Ben Artzi olaraq dəyişib.
Yairin ad və soyad dəyişikliyi Netanyahu ailəsinin beynəlxalq səviyyədə, o cümlədən ABŞ-də siyasi və hüquqi problemlərlə üzləşdiyi dövrə təsadüf edib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib. Yairin özü də ABŞ-dəki işgüzar əlaqələri və varlı insanlarla münasibətləri səbəbindən tənqidlərə məruz qalıb. Binyamin Netanyahunun özü də İsraildə üç korrupsiya işi üzrə istintaq altındadır.
Qeyd edək ki, Netanyahu ailəsində soyadın dəyişdirilməsi praktikası çoxdan mövcuddur. Belə ki, Binyaminin atası Bension Mileykovski 1920-ci illərdə, Britaniya mandatı dövründə Polşadan Fələstinə köçüb və adını Bension Netanyahu olaraq dəyişib.
Netanyahunun digər oğlu Avner də təxminən beş il əvvəl adını Avi Seqal olaraq dəyişib. İsrail mediasının məlumatına görə, artıq diqqətdən yayınmaq üçün o, İngiltərənin Oksford şəhərində 672 min dollara nağd pulla mənzil alıb və yeni adından istifadə etməyə başlayıb.