Yerli hakimiyyət orqanlarının məlumatına görə, cümə axşamı günorta saatlarında Çinin Fucyan əyalətinin Cinzyan şəhərinin Çenday qəsəbəsinin Tsyantou kəndində yerləşən "Huiteng Shoes Co., Ltd." şirkətinə məxsus ayaqqabı fabrikində yanğın baş verib.
Dövlət mediasının məlumatına əsasən, yanğın baş verən zaman fabrikdə təxminən 240 nəfər olub.
Yerli hakimiyyət orqanları ümumilikdə 213 nəfərin təxliyə edildiyini bildirib. Lakin onlardan ikisi xəstəxanada həkimlərin səylərinə baxmayaraq, həyatını itirib. Daha əvvəl itkin düşmüş hesab olunan 26 nəfərin isə həlak olduğu təsdiqlənib.
Məlumata görə, Fucyan əyalətinin Cinzyan şəhəri dünya üzrə idman ayaqqabısı istehsalının təxminən 20 faizini təmin etdiyinə görə, Çinin "ayaqqabı paytaxtı" kimi tanınır.
BBC-yə təqdim olunan ilkin məlumatlara əsasən, yanğın fabrikin tezalışan materialların saxlanıldığı birinci mərtəbəsində başlayıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, yanğın "çoxsaylı insan tələfatına" səbəb olub və hadisəyə görə məsuliyyət daşıyan şəxslər "ciddi şəkildə cavabdeh tutulmalıdır".