Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları ölkələrinə təhvil veriliblər

18:15 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistanın Baş Prokurorluğunun vəsatətləri Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Hafta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.

Sosial rubrikasından digər xəbərlər