İrpendə “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb

10:53 11.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrpen şəhər meriyasının və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı, ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə İrpenin Tarix və Diyarşünaslıq Muzeyində soydaşımız Seymur Abuşovun şəxsi kolleksiyasından ibarət “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb.

Hafta.az xəbər verir ki, açılış mərasimində İrpen Şəhər Şurasının icraedici meri Anjela Makeyeva çıxış edərək bu cür tədbirlərin Azərbaycan və Ukrayna xalqları arasında mədəniyyətlərarası dialoqun inkişafına, əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

“Bu, İrpen şəhəri üçün çox vacib bir tədbirdir, çünki bu, sadəcə Azərbaycan mədəniyyəti və tarixinin sərgisi deyil. Bu, bizim danışmalı olduğumuz, nəsillərimizə, övladlarımıza ötürməli olduğumuz bir mühüm hadisədir. Azərbaycan illərdir İrpen və ölkəmiz üçün təkcə bərpa və dəstək baxımından kömək etmir, həm də mədəni, tarixi məsələlərdə qardaş və dost bir xalqdır”, - deyə Anjela Makeyeva əlavə edib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bu sərgi Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluğun, qarşılıqlı dəstəyin, anlaşmanın və sülhə, inkişafa, rifaha ortaq sadiqliyin daha bir rəmzidir. Səfir vurğulayıb ki, Azərbaycan xalçası kökləri Tunc dövrünə gedib çıxan, canlı rənglər, naxışlar və simvollarla təcəssüm olunan xalqımızın canlı tarixidir. Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

“Bu əlamətdar sərginin yenilməzlik, cəsarət və dirçəliş şəhəri olan İrpendə keçirilməsi təsadüfi deyil. Bu gün İrpen insan ruhunun gücünü nümayiş etdirir və burada keçirilən mədəni tədbirlər sənətin və yaradıcılığın qələbə qazanma gücünə dəlalət edir”, - deyə səfir əlavə edib.

Daha sonra çıxış edən Krım-tatar Xalq Məclisinin sədri Refat Çubarov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, sərginin müəllifi Seymur Abuşov Azərbaycan xalçaçılığının tarixindən, bu cür sərgilərin mədəniyyətlər arasında dialoqun yaradılmasına töhfəsindən danışıblar.

Tədbirin sonunda Rövşən Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin aparat rəhbəri Xəyyam Dünyamalızadə, soydaşımız Seymur Abuşov mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə İrpen Şəhər Şurası tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Sərgi avqustun sonuna qədər davam edəcək. Bu cür sərgilərin Ukraynanın digər şəhərlərində də keçiriləcəyi planlaşdırılır.