"Formula 1" Azərbaycan Qran Prisi təxirə salınmayacaq - Açıqlama

14:51 02.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bütün dünyanı cənginə almış koronavirus təhlükəsinin 2020-ci ildə Bakıda keçiriləcək  Formula-1 yarışlarına da təsirsiz ötüşməyəcəyi ilə bağlı sosial şəbəkələrdə fikirlər dolaşmaqdadır.

Hətta iddialara görə, yarışlar bir müddətlik təxirə də salına bilər.  İddialar arasında koronaviruslarla əlaqədar olaraq “F-1 Baku” yarışları üçün bilet satışlarında da durğunluğun yaşandığı vurğulanır.

Məsələni yerində araşdırmaq üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 5-7 iyun 2020-ci il tarixlərində Bakıda sayca 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı hafta.az-ın suallarını cavablandırıb.

Qurumdan verilən açıqlamada bildirilir ki, biletlərin satışında heç bir azalma müşahidə edilmir. O da qeyd olunub ki, koronavirusla əlaqədar olaraq yarışların təxirə salınacağı ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur. Yəni, yayılan informasiyalar hər hansı bir fakta əsaslanmır.