“Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq". Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O, bildirib ki, hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: "Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır. Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub”.
Hafta.az olaraq bu və ya digər sahə ekspertləri ilə aydınlaşdırmaq istədik ki, mərhələli çıxış necə həyata keçirilə bilər?
Ölkənin dayanıqlığını təmin edən kənd təsərrüfatı demək olar ki, öz axarı ilə davam edir. Bahar fəslinin ilk ayı bitmək üzrədir. Məhsulun yetişib bazarlara çıxarıla bilər.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, bu sahədə indiki dövrdə əsasən lazım idi ki, payız əkinlərinə yaz qulluğu həyata keçirilsin:
“Paralel olaraq aprel ayında yaz işləri aparılsın. Elə bitkilər vardır ki, onlar məhz yazda əkilir. Yaz əkinləri fəslin sonunda kütləviləşir. Elə rayonlarımız vardır ki, vahid il ərzində iki dəfə məhsul götürürlər. Əslində bu kimi işlər də öz qaydasında davam etdirilir. Təmin olunmayan şey odur ki, faraş yetişən məhsulları hər bir kəs öz fərdi maşını ilə müxtəlif bazarlara daşıyırdılar. Karantin məhdudiyyətlərində rayonlardan gələn fərdi maşınlar da bazarlara çata bilmir. Onlar da Bakı şəhərinə buraxılmır. Eləcə də rayonlar arasında da bu məhdudiyyətlər var. Əsasən nəzərdə tutulub ki, ağırtonnajlı maşınlarla daşıma nəzərdə tutulsun. Bundan başqa kənd təsərrüfat sahəsində məhdudiyyətlər yoxdur. Hətta fermerə gübrə lazımdırsa, buna görə Bakıya gəlməyə ehtiyac qalmır, rayon mərkəzlərinə gedib işini görə bilir. Və ya telefonla da bu işi görmək olur, sifariş verirlər çatdırılır”.
Son illər ölkəmizdə turizm sektoru da inkişaf etdirilir. Bakı şəhəri ilə yanaşı bölgələrdə də infrastrukturlar yenilənir. Prezident İlham Əliyev turizm sektorunun inkişafı üçün bir sıra göstərişlər də verib.
Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycand da bu sahədə artıq durğunluq yaratdı. Bəs karantin bitdikdən sonra bu durğunluğu aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
Turizm eksperti Çingis İsmayılov dedi ki, karantinin şərtlərinin yüngülləşdirilməsi ilk növbədə daxili turizmə təkan verəcəkdir.
İnsanlar yay mövsümü haqqında düşünəcəklər. Digər ölkələrdə də belə durğunluq yaranıb. Aralıq dənizi sahillərində yerləşən ölkələrdə də hazırda bu sektorda zəifləmə müşahidə olunur. Qonşu qardaş ölkə Türkiyədə də turizm sektoru öz sakitlik halını yaşayır. Dövlət də burada güzəştlərə gedə bilər. Düzdür, bazar iqtisadiyyatında bu elə də gözlənilən deyil. Amma hər bir halda bu lazımdır. Sadəcə yeni dövrdə turizm obiyektləri bu müddət ərzində itirdikləri pulları qazanmaq üçün sui-istifadəçilik hallarına yol verəcəklər. Bu da güman olunandır. Gərək buna ciddi nəzarət olsun. Qiymətlər stabil saxlanılsın. Gəlirləri aşağı olan təbəqələr də nəzərə alınsın. Turizm Agentliyi bunu diqqətdə saxlamalıdır.
Karantin dövründə ən çox məhdudiyyətlərin tətbiq olunduğu sahələrdə biri də təhsil sahəsidir. Belə ki, bütün təhsil müəssisələrində tədris dayanıb. Ölkədə 1,6 milyon orta məktəbdə oxuyan şagirdin yenidən dərslərə cəlb olunması əsas məsələlərdən hesab olunur.
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, koronoviris təhlükəsi ilə əlaqədar 3 martdan dayanan tədrisin 4 mayda başlanması gözlənilir:
"Çünki Nazirlər Kabineti yanında Operativ Qərəgah sonuncu dəfə karantin rejimini 4 maya qədər uzadıb. Amma 4 mayda tədris açılsa belə siniflər üzrə eyni vaxtda dərslərə başlamaq olmaz. Yəni 4 mayda ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdəki 1.6 milyon şagirdin dərsə başlamasını gözləmək olmaz. İlk növbədə koronavirisun az yoluxduğu müşahidə olunan və son 14 gün ərzində müşahidə olunmayan bölgələrdə tədrisə başlamaq lazımdır. Bu zaman isə ilkin mərhələdə IX, X, XI siniflər dərsə başlamalıdır. Bu, ona görə edilməlidir ki, şagirdlərin sayı siniflərdə azaldılsın, bir– biri ilə məsafəli otursunlar. İndiki halda bunun edilməsi mümkün deyil. Çünki sinif çatışmazlığı var. Bədən tərbiyəsi və digər şagirdlərin bir-birinə yaxın olacağı kütləvi dərslərin tədrisini başlamaq hələ tövsiyyə olunmur. Sonrakı mərhələdə isə V-VIII siniflərin məktəbə getməsinə imkan vermək lazımdır. Bütün hallarda isə hər gün məktəblər dezinfeksiya olunmalı, sanitar qovşaq gün ərzində bir neçə dəfə təmizlənməlidir. Bütün bunlarla yanaşı isə şagirdlərin məktəbə qoruyucu maska və əlcəklə getməsini həyata keçirmək lazımdır. May ayı ərzində isə dərslərin sayını 4 dərsdən artıq etmək olmaz”.
İqtisadiyyatın əsas sahələrindən sayılan pərakəndə satış mərkəzləri və “Mallar” da fəaliyyətini dayandırıb.
İqtisadçı ekpsert Akif Nəsirliyə görə, hazırdakı mövcud durumun davamı geyim satan mərkəzlərin gəlirləri bir az da azalacaq:
“Ona görə ki, karantin bitdikdən sonra da əhalinin özünü toparlaması və psixoloji təsirdən çıxıb bu mərkəzlərə baş çəkməsi vaxt aparacaq. Karantin bitdikdən sonra əhalinin alıcılıq qabiliyyətinin düzəlməsi prosesi bir neçə aya mümkün olacaq. Həmçinin bu müddət ərzində əhali ciddi maliyyə itkiləri ilə üz-üzədir. Buna görə də geyim və tekstil satan mərkəzlər yeni strategiya ilə işləməyə məcbur olacaqlar".