"Müharibədən sonrakı sənədlərdə “status” və Minsk qrupu ifadələri yer almır" - Orxan Bağırov

10:45 01.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"44 günlük müharibəyə qədər 24 il ərzində Ermənistanla aparılan danışıqların iki əsas predmeti var idi: torpaqların azad edilməsi və Qarabağ ermənilərinin statusu. İyunun 15-də Nikol Paşinyan Ermənistan parlamentində çıxışında etiraf etdi ki, Robert Köçəryan və Serj Sarqisyan hökumətləri bütün baza danışıq sənədlərində Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və hansısa “status” Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirilib".
 
Hafta.az-ın yazdığına göə, bu sözləri öz sosial səhifəsində çıxış edən Center for Studies of the South Caucasus-un (CSSC) baş elmi işçisi, ekspert Orxan Bağırov deyib. O bildirib ki, Minsk qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi və onların səlahiyyətlərinə bu iki məsələ daxil idi. Lakin, Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və Minsk qrupunun fəaliyyəti üçün predmet qalmadı. Ona görə də, “status” və Minsk qrupu məsələlərini müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyil.
 
"Müharibəyə qədər 30 il ərzində Azərbaycana deyilirdi ki, ermənilər 1-ci Qarabağ müharibəsində qalib gəlməklə reallıq yaradıblar və bununla barışın. Azərbaycan isə ən çətin vaxtlarında belə birmənalı şəkildə bununla barışmayacağını, hərbi gücdən istifadə etmək hüququnu özündə saxladığını və zəruri bildikdə istifadə edəcəyini bildirirdi. Azərbaycan həm Ermənistanla, həm də beynəlxalq vasitəçilərlə hər zaman açıq və səmimi olub. Amma təəssüf ki, əvvəl də qarşılıqlı olaraq səmimiyyət görmədiyi kimi indiki danışıqlarda da görmür. Səmimiyyət və aydın mövqe olmadıqda isə danışıqlarda nəticə və sülh əldə etmək çətindir və açıq qarşıdurma qaçılmazdır. “Danışıqlar nəzəriyyəsi”ndə (Negotiation Theory) “pis niyyətli danışıqlar” anlayışı vardır. Yəni, əgər tərəflərdən biri səmimi deyilsə və danışıqlarda “pis niyyətli” tərəfdirsə demək ki, nəticədə və sülhdə maraqlı deyil", - deyib O.Bağırov.
 
Ekspert qeyd edib ki, Minsk qrupunu yenidən “vasitəçiyə" çevirməklə Ermənistana yardım etməyə çalışanlar üçün isə iki məqamı xatırlatmaq lazımdır. "Birincisi, 2020-ci ilin 27 sentyabrına qədərki reallıq beynəlxalq hüquqa qarşı törədilmiş cinayət idi və bu reallığı bizə qəbul etdirməyə çalışmaqla həmin cinayətə dəstək vermiş olurdunuz. İkincisi, əgər 27 sentyabra qədər “gücün hüququnu” müdafiə edirdinizsə, onda zəhmət çəkin, eyni ilə yenə də “gücün hüququnu” müdafiə edin. Həm də bizim tətbiq etdiyimiz “güc” qarşı tərəfinkindən fərqli olaraq tam legitimdir", - deyən O.Bağırov əlavə edib ki,
Azərbaycan açıq şəkildə hansısa “statusun” olmayacağını və Minsk qrupunun keçmiş olduğunu deyir. Ermənistan tərəfi isə bir tərəfdən bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır. "Eyni zamanda bir tərəfdən “status”dan, digər tərəfdən “statusla bağlı tələblərin həddini aşağı salmaqdan” bəhs edir. Bununla yanaşı, tələb edilən “status”un hansı formada olması və hansı əraziləri əhatə etməsi haqqında Ermənistan qorxudan danışmır, keçmiş vasitəçilər isə konkret fikir bildirmirlər. Onu da nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə “status”, nə də Minsk qrupu ifadələri yer almır" deyən ekspertə görə, bütün bunlar qeyri-müəyyənliyi uzadır və “status” haqqında söhbətlər hazırda Azərbaycan tərəfindən açıq şəkildə “ərazi iddiaları” kimi qiymətləndirilir. Çünki, bu cür yanaşmanın başqa məntiqi izahı yoxdur. Aydındır ki, bu iddiaları hazırda Ermənistan düşdüyü vəziyyətə görə açıq şəkildə səsləndirməyə cəsarət etmir. Belə vəziyyət təkcə Ermənistanın deyil, eyni zamanda regiondakı proseslərdə iştirak etmək istəyən kənar oyunçuların da maraqlarına ziddir. Ona görə ki, onlar regionda öz maraqlarını təmin etmək istəyirlərsə, Azərbaycanın bu həssas məsələlərdə mövqeyini nəzərə almalıdırlar.
Oxunma sayı 386
Siyasət rubrikasından digər xəbərlər