"Narahatedici" yeni distopiya filmi rekord qırır

10:44 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aleks Qarlandın distopik döyüş filmi “Civil War” kassada böyük uğur qazanıb.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, çıxdığı ilk gündə 10,8 milyon dollar qazanan filmin ilkin buraxılış rəqəmləri müstəqil istehsal və paylama şirkəti A24 üçün ən yüksək açılış gününü əks etdirir.

Şimali Amerikada qazancının 25 milyon dolları keçəcəyi proqnozlaşdırılan filmin açılış həftəsonu gözlənildiyindən daha yaxşı olacaq. Gəlirlərin 48 faizini “Imax” nümayişi təşkil edir.

Bölünmüş Amerikadan bəhs edən 50 milyon dollarlıq film A24-ün bu günə qədər ən bahalı istehsalıdır.

Filmi bəyənən çox olsa da, bəyənməyənlər də var. Tənqidçilər də “Civil War”la bağlı fikir ayrılığına malikdir.

Filmin "narahatedici" olduğunu irəli sürən “Hollywood Reporter” yazır: "Aleks Qarlandın son filmini izləmək çətindir, çünki o, insanlara dəstək olmaq (və ya qarşı çıxmaq) üçün aydın şəkildə müəyyən edilmiş tərəflər vermir".

“The Seattle Times” filmin "narahatedici" olması ilə razılaşır və yazır: "Aleks Qarlandın “Civil War”ı mahiyyətcə qorxu filmidir və buradakı dəhşət narahatedici şəkildə təsir edir".

Amerika hökuməti ilə separatçı qüvvələr arasında amansız qarşıdurmanı üzə çıxaran film Kirsten Dunst tərəfindən canlandırılan müharibədə xidmət edən fotojurnalistdən bəhs edir.

Garland tərəfindən yazılan və rejissorluq etdiyi filmdə həmçinin Vaqner Moura, Kayli Speni, Nik Offerman və Stefen MakKinli Henderson baş rollarda çəkilib.

Tənqidçilər deyirlər ki, “Civil War”ın ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmağa çalışdığı mübahisəli seçki ilinin ortasında kinoteatrlarda nümayişi əlbəttə ki, təsadüf deyil.

Filmin premyerasının keçirildiyi SXSW festivalından sonra keçirilən paneldə Qarland “Civil War”ın yayımlanma vaxtının ABŞ-dakı siyasi gündəmlə üst-üstə düşdüyünü desə də, ölkəni əhatə edən mübahisəli dövrlə bağlı yeni heç nə təklif etməyib.

“28 Days Later”, “Sunshine” və “Never Let Me Go” kimi filmlərin ssenari müəllifi olan Qarland Eks Maçina ilə rejissorluğa başlamışdı.

53 yaşlı britaniyalı rejissor “Annihilation” və “Men” kimi trillerlərdə də rejissor kürsüsündə əyləşib.

Oxunma sayı 179