"Netanyahu, hərəkətlərinizdən iyrəndik" – Simon Harris

09:42 08.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gələn həftə İrlandiyada baş nazir seçiləcəyi gözlənilən hakim Fine Gael Partiyasının lideri Simon Harris İsrailin baş naziri Benyamin Netanyahuya müraciət edərək, "İrlandiyalılar bundan daha aydın deyə bilməz: Hərəkətlərinizdən iyrəndik" deyib.

Hafta.az-ın yazdığına görə, Fine Gael-in lideri olaraq partiyasının illik konfransında (Ardfheis) ilk dəfə çıxış edən Harris daxili və xarici siyasətlə bağlı açıqlamalar verib.

İrlandiyaya nizamsız immiqrasiya ilə bağlı açıqlama verən Harris, "İmmiqrasiya İrlandiya və irlandiyalılar üçün yeni reallıqdır. Biz immiqrantlar ölkəsi idik və bu, ölkəmizi bir çox cəhətdən formalaşdırdı. İndi daha yaxşı həyat axtaranlar bura gəlirlər" deyib.

Miqrasiyanı idarə etmək üçün daha yaxşı sistemin qurulmasının lazım olduğuna diqqət çəkən Harris, daha yaxşı bir sistem üçün Avropa Birliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

İrlandiyada qala bilməyən qeyri-qanuni mühacirlərin daha sürətli deportasiyası üçün çalışacaqlarını ifadə edən Harris, Ukrayna-Rusiya müharibəsi və İsrailin Qəzzaya hücumlarına da toxunub.

Ölkəsinin Ukrayna ilə həmrəy olduğunu söyləyən Harris, "Müharibədən qaçan ailələri ölkəmizə qəbul etmək bizim üçün əhəmiyyətli sınaq idi" deyə bildirib.

Qəzzada humanitar böhranın dünyanın gözü qarşısında getdikcə ağırlaşdığını bildirən Harris 7 oktyabrda baş verənləri qınadıqlarını ifadə edərək, bütün əsirləri sərbəst buraxmağa çağırıb.

Harris çıxışını belə davam etdirib: "İsrail hökumətinin hərəkətlərinə səssiz qala bilmərik və qalmayacağıq. Çünki onların məqsədləri qisas, bombardman, şikəstlik və uşaqların ölümü ilə əvəzlənib. Heç bir irlandiyalı aclığa dözə bilməz və qəsdən qıtlığı dəstəkləyənlər insanlığını itirib. Baş nazir Netanyahu, bu sizin üçündür. Bu gecə mən bunu deməliyəm: İrlandiya xalqı bundan daha aydın deyə bilməz - sizin hərəkətlərinizdən iyrəndik. Yardımların çatdırılması üçün dərhal atəşkəs elan olunmalıdır”.

Harris də iki dövlətli həll tərəfdarı olduqlarını bildirərək, "Bu axşam Galvaydən bunu təkrar edirəm: İrlandiya Fələstin dövlətini tanımağa hazırdır" deyib.

Baş nazir Leo Varadkarın keçən ay hökumət və partiyadakı vəzifəsindən istefa verməsindən sonra martın 24-də Fine Gael-ın lideri seçilən Harrisin İrlandiya parlamentinin aşağı palatasında (Dali) keçirilən səsvermədən sonra ölkənin ən gənc baş naziri seçiləcəyi gözlənilir.

Siyasət rubrikasından digər xəbərlər